Qırğızıstan bankları Rusiya köçürmə sistemləri ilə işi dayandırdı

Qırğızıstanda bir neçə kommersiya bankı Rusiyanın pul köçürmə sistemləri ilə işi dayandırdıqlarını bildirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Mbank dayanmanı məzənnənin dəyişkənliyi və valyuta bazarında mümkün kəskin dalğalanmalar səbəbindən rubl hesablarına və kartlarına (doldurma, köçürmə, konvertasiya) müvəqqəti məhdudiyyət tətbiq edilməsi ilə əsaslandırıb. Bankın məlumatına əsasən rubl hesablarındakı bütün müştəri vəsaitlərinin təhlükəsizliyinə təminat verilir: “Bank müştəriləri pul vəsaitlərini bank filiallarında götürə bilər, kassalarda Rusiya rublunu çıxarmaq üçün heç bir məhdudiyyət yoxdur”.

Kompanion Bank bildirib ki, texniki səbəblərə görə rublla köçürmələrin göndərilməsi və qəbulu, həmçinin Unistream sistemi vasitəsilə köçürmələrin göndərilməsi və qəbulu mümkün deyil.

Qeyd edək ki, ABŞ Xəzinədarlığı hələ 2023-cü ilin iyulunda “Unistream”ə qarşı sanksiyalar tətbiq edib. Daha sonra Qırğızıstanda 9 bank sistemlə işi tam və ya qismən dayandırıb. Sonradan onların demək olar ki, hamısı “Unistream” vasitəsilə pul köçürmələrinə xidməti bərpa edib. İndi sistemlə işləyən banklar onunla işi dayandırmağa səbəb kimi texniki problemləri göstərirlər. Bir bank - RSK günün birinci yarısında problemlər olduğunu bildirsə də, hazırda Unistream-ın işi bərpa olunub.

RSK Bankdan verilən məlumata görə, texniki işlərlə əlaqədar olaraq köçürmə sistemləri (göndərmə və qəbul) Astrasend, Contact, Zolotaya Korona və Sberbank Online da işləmir.

Musavat.com

13.06.2024 17:22
523