Qırğız Respublikası ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb - Sadır Japarovla MÜSAHİBƏ

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun APA-ya müsahibə verib.

Musavat.com müsahibənin əhəmiyyətini nəzərə alaraq oxuculara təqdim edir:

- Cənab Prezident, məlum olduğu kimi, bu ilin yanvar ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub, 1997-ci ildə isə iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaların cəlb edilməsi haqqında razılıq əldə edilib. Ötən dövrün nəticələrini ümumiləşdirsək, münasibətlərimizin hazırkı səviyyəsini necə qiymətləndirmək olar?

- Bəli, yanvarın 19-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 31 il keçdi. Qırğızıstan və Azərbaycanı qədim zamanlardan ümumi tarix, mədəniyyət və dil faktorları ilə yanaşı, həm də qırğız və Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri birləşdirir. Müstəqillik dövründə ölkələrimizin bütün sahələrdəki mövcud əməkdaşlığı daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu əməkdaşlıq 20 aprel 2022-ci il tarixdə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə daha da möhkəmlənib. Xüsusilə diqqət yetirilməlidir ki, qardaş Azərbaycana səfərim zamanı Prezident İlham Heydər oğlu ilə daha bir vacib addım ataraq, ölkələrimiz arasında daha dərin strateji tərəfdaşlıq münasibətləri qurduq və müvafiq birgə bəyannamə imzaladıq. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrində qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın sonrakı inkişafı və genişləndirilməsinə xüsusi diqqət yetiririk. Burada isə ən böyük aktivlik eyni zamanda, investisiya mübadiləsində müşahidə olunur. Mən xüsusilə 2022-ci ilin oktyabrında təsis olunan Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətə başlamasını qeyd etmək istəyərdim. Əminəm ki, fond prioritet və qarşılıqlı səmərə verəcək layihələrin maliyyələşdirilməsi yolu ilə iki qardaş ölkənin xalqlarının çiçəklənməsinə xidmət edəcək. İnvestisiya sahəsində əməkdaşlıq kontekstinə gəlincə, burada tərəflərin Qırğız Respublikasında, İssık-Kul gölünün ətrafında beşulduzlu hotelin inşası üçün Azərbaycandan sərmayə cəlb olunması ilə bağlı qərarını qeyd etmək istəyərdim. Əminəm ki, hotelin tikintisi ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlığa nümunə olacaq, bundan sonra isə digər investisiya layihələrinin icrasına başlanılacaq.

- Son səfərinizdən öncə Siz ötən ilin noyabrında səfər etmisiniz. Həmin səfər zamanı Prezident İlham Əliyevlə danışıqlar aparılıb, eyni zamanda, müxtəlif səviyyələrdə görüşlər həyata keçirilib. Sizin fikrinizcə, dövlətlərarası münasibətlərin istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərindən sonrakı inkişafı üçün daha hansı perspektivlər mövcuddur?

- Bəli, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünə qatılmaq üçün mən Bakıya işgüzar səfərə gələrək, burada Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevlə danışıqlar aparmışdım. Biz o zaman ikitərəfli siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini və Qırğız Respublikası ilə Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsinin sonrakı perspektivlərini müzakirə etdik. Eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması ətrafında da müzakirələr apardıq. Deməliyəm ki, onun hazırkı səviyyəsi istədiyimiz kimi deyil, yəni mövcud potensiala cavab vermir. Bu kontekstdə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafındakı rolunu qeyd etmək vacibdir. Effektiv ticari-iqtisadi əməkdaşlığın təmin olunması məqsədilə hər iki ölkənin müvafiq nazirlikləri tərəfindən 2029-cu ilədək olan dövrü əhatə edən geniş Əməkdaşlıq Proqramı hazırlanıb. Bu proqram özündə istər ticarət dövriyyəsinin artırılması və nəqliyyat kommunikasiyalarının inkişafı, istərsə də maliyyə-bankçılıq, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini ehtiva edir.

- Son illərdə Azərbaycan hərbi sənayenin inkişafı üçün çoxsaylı addımlar atıb. Hətta İkinci Qarabağ müharibəsi dövründə yerli istehsal olan hərbi təyinatlı məhsullar hərbi əməliyyatlarda aktiv şəkildə tətbiq olunub. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, Qırğız Respublikası Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlığa hansı istiqamətdə maraq göstərir?

- Qırğız Respublikası və Azərbaycan ənənəvi olaraq, Azərbaycanda Respublikasındakı profil xarakterli tədris müəssisələrinin bazasında hərbi kadrların hazırlanması istiqamətində əməkdaşlıq həyata keçirir. Tərəflər bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır. Bunun üçün isə əməkdaşlığın bu istiqaməti üzrə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi son dərəcə önəmlidir.

- Azərbaycan qlobal xarakterli siyasi proseslərin aktiv iştirakçısıdır. Bundan əlavə, ölkəmiz müxtəlif faydalı qazıntılarla zəngindir. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq üçün hansı perspektivlər mövcuddur?

- Biz qardaş Azərbaycanın bu ilin noyabrında nüfuzlu qlobal tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının keçirilməsi hüququnu əldə etməsindən çox şadıq. Azərbaycan nəhəng tədbirlərin təşkilində böyük təcrübəyə malikdir və mən konfransın ən yüksək səviyyədə keçiriləcəyinə şübhə etmirəm. Azərbaycanın eyni zamanda, neft-qaz sənayesi sahəsində də zəngin təcrübəsi var. İkitərəfli münasibətlərin inkişafının vacibliyini və energetika sahəsində investisiya layihələrinin reallaşması üçün mövcud olan perspektivləri nəzərə alaraq, istər neft-qaz, istərsə də energetika sahəsindəki əməkdaşlıq üzrə kəsişmə nöqtələrini yenidən nəzərdən keçirməkdə maraqlıyıq.

- Hazırda müasir dünyada alternativ enerji resurslarından istifadənin genişləndirilməsinə diqqət yetirilir. Qırğız Respublikasının bu sahədə potensialı mövcuddurmu? Nəzərə alsaq ki, təbii enerji ehtiyatları tükənə bilər, o zaman dövlətlər qarşısında elm, təhsil, yüksək texnologiyalar, kənd təsərrüfatı, insan kapitalı ilə mübadilə və digər sahələrdə münasibətlərin inkişafı məsələsi dayanır: Bu sahələr üzrə dövlətlərarası münasibətlər necə inkişaf edir?

- Bildiyiniz kimi, Qırğızıstan hidroenergetika sahəsində əhəmiyyətli potensiala malikdir. Bu əsnada ölkələrimiz hidroelektrik, eləcə də günəş və külək enerjisi stansiyalarının layihələndirilməsi, müasirləşdirilməsi və tikintisi, o cümlədən “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlıq edə bilər.

- Türkdilli dövlətlərin birləşməsi üçün daha çox səylərin göstərilməsi istiqamətində müxtəlif fikirlər mövcuddur. Qırğız Respublikası bu kimi təşəbbüslərin uğurla irəliləməsinə hansı töhfəni verə bilər?

- Biz beynəlxalq təşkilatlar çərçivəsində aktiv şəkildə əməkdaşlıq edirik. Burada mən Türk Dövlətləri Təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Türk icması çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq və buna hazırıq. Bu ilin iyulunda Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Növbəti sammit isə payızda Qırğızıstanda təşkil olunacaq. Əminəm ki, bu tədbirlərin keçirilməsi nəticəsində həm Qırğızıstan, həm də digər iştirakçı dövlətlər Türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı əldə edəcəklər.

- Cənab Prezident, Siz Azərbaycan diasporunun Qırğızıstanın ictimai-siyasi həyatında iştirakını necə qiymətləndirirsiniz?

- Çoxmillətli Qırğızıstanda 20 000-ə yaxın azərbaycanlı yaşayır. Təbii ki, onlar da digər xalqların nümayəndələri kimi Qırğızıstanın ictimai-siyasi həyatına cəlb ediliblər. Onlar həmçinin mədəni-humanitar və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qırğızıstan Xalq Assambleyasının nəzdində ölkəmizdə yaşayan azərbaycanlılara məxsus “Azəri” İctimai Birliyi fəaliyyət göstərir. Əminəm ki, Assambleyanın tərkibindəki ictimai birliklərin fəaliyyəti etnoslararası vəhdət, sülh və Qırğız xalqının həmrəyliyinə xidmət edəcək.

02.05.2024 10:06
815