Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov deyib ki, avqustun 31-də Bişkekin Ala-Too meydanında keçiriləcək müstəqillik günü konsertində Rusiya müğənniləri də iştirak edəcəklər.
Nazirin sözlərinə görə Rusiya ifaçıları öz təşəbbüsləri ilə Bişkekə gəlmək və Qara-Qırğız muxtar vilayətinin 100 illiyi və Qırğızıstan Respublikasının müstəqilliyi günündə konsertdə çıxış etmək qərarına gəliblər:
“İndi Facebook-da və ya başqa sosial şəbəkələrdə oturanlar deyirlər: “Qoy bu müğənni gəlsin, amma o müğənni gəlməsin. Biz ona qulaq asmayacağıq”. Belələrinə demək istəyirəm: “Bu, bayram tədbiridir. Biz heç kimi konsertə güclə gətirib kiməsə qulaq asmağa məcbur edən deyilik. Qulaq asmaq istəməyənlər gəlməyə bilərlər. Çoxluq bu xəbəri şadlıqla qarşılayır. Azlıq çoxluğa tabedir”.
Nazirin sözlərinə görə əgər Qırğızıstan dövlətinin nüfuzu olmasaydı, hansı müğənni bura gəlib çıxışını hədiyyə edərdi?
Maksutovun bu müsahibəsindən əvvəl sosial media istifadəçiləri Rusiya müğənnilərinin Qırğızıstana gəlişindən narazılıq ifadə etmişdilər. Onlar bunun əvəzində yerli müğənnilərin çıxış etməsini istəyirdilər.
Mədəniyyət Nazirliyinin məlumatına görə 31 avqust konsertində Rusiyanın Stas Mixaylov, Filip Kirkorov, Lyusya Çebotina kimi müğənniləri, habelə İsveç müğənnisi Bosson və italyan müğənnisi və bəstəkarı İn-Qrid çıxış etməlidirlər.
Bundan əvvəl Qırğızıstan prezidenti administrasiyasının informasiya şöbəsinin müdiri Dayırbek Orunbekov demişdi ki, müğənnilər pulsuz oxuyacaqlar və onların yalnız mehmanxana və yemək xərcləri ödənəcək.
Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri ABŞ və Qərb Rusiya müğənnilərinin, xüsusilə də müharibəni dəstəkləyənlərin qastrollarına məhdudiyyət qoyublar.
Bununla bağlı indi rusiyalı müğənnilər Qırğızıstan da daxil Mərkəzi Asiya ölkələrində çıxış etməyə çalışırlar.
(AzadlıqRadiosu)