Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi uzun müddətdir ki, su qıtlığı ilə üz-üzədir.
Musavat.com-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, nə məişət, nə də əkin-biçin üçün su tapmaq mümkün olur.
Bu vəziyyət xüsusilə yay mövsümündə kənddə ciddi narazılığa səbəb olub.
Kənd sakini Aynur Məmmədov bildirir ki, Qıraq Kəsəməndə əhalinin 60 faizi əkin-biçinlə dolanır. İsti havaların başlaması ilə sahələri suvarmaq üçün su tapılmaması məhsulların qurumasına gətirib çıxarıb.
“Suyu təyinatı olmayan yerlərə aparırlar. Kanalda su olsa da, deyirlər ki, yoxdur. Su ilə məşğul olan şəxslər öz işlərini görmürlər. Poylu kəndi ilə bizim kəndin su xətti eynidir. Amma su Poyluya gedir, bizə verilmir. Dəfələrlə məsul şəxslərə zəng etmişəm, “gələcəyik” deyib gəlmirlər. Yayın istisində evdə işlətməyə belə su tapmırıq”, - deyə o deyir.
Sakinlərin sözlərinə görə, dövlət kanalın betonlanması üçün vəsait ayırsa da, problem hələ də həll edilməyib. Rayon rəhbərliyinə edilən müraciətlər isə nəticəsiz qalır:
“Deyirlər ki, bu gün-sabah su olacaq, amma o “sabah” heç vaxt gəlmir”.
Kənddə vəziyyət o həddə çatıb ki, su üstündə tez-tez mübahisələr, hətta dava-dalaşlar düşür. Gecələr yalnız bir saatlıq su verilir. Bu isə kəndlilərin həm məişət, həm də təsərrüfat işlərini iflic edib.
“70 sotluq qarğıdalı tarlasını sulamaq üçün gecəni oyaq qalıram. İki gecədir ki, yatmıram. Saat yarım güclə su tapırıq. Bütün kənd su üstündə bir-biri ilə dalaşır, bəzən polis də müdaxilə edir”, - deyə sakin əlavə edir.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin əhalisi torpaq ərazilərinin suvarılması üçün Ağstafa çayından istifadə edir:
”Çayda suyun azalmasına baxmayaraq, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismari İdarəsi əhalinin suya olan tələbatını 24 saat təmin edir. Suyun azalmasını nəzərə alaraq su təminatı qrafiki rejimə keçilib. Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla hər bir abonentə su verilir”.
Şahanə Rəhimli
Musavat.com