Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...

İndi həmin uşaqların aqibəti necə olacaq? 

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: “Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək”.

Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: “Astara rayonu Diqo kənd sakini Baxşiyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının ölümü ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb.

Nazim Baxşiyevin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhumun birinci həyat yoldaşından olan uşaqları ikinci həyat yoldaşı Minayə İbayevanın qəyyumluğuna verildikdən sonra ona mərhumun digər övladlarına görə də ailə başçısını itirməyə görə sosial müavinət ödəniləcək”.

Bəs ümumiyyətlə, bu kimi hallarda ailələrə hansı dəstək göstərilməlidir?

Bu sualmızı isə vəkil Pərviz Məmmədov cavablayıb: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir”.

Qeyd edək ki, hadisə oktyabrın 30-u Astara rayonunun Pensər kəndi ərazisində baş verib.1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

06.11.2024 13:42
944