İqtisadi artım sürətinə görə qeyri-neft-qaz sektoru irəlidə olsa da, ixracatda dominant rol yenə neft-qaza məxsusdur
Azərbaycanda iqtisadi artım sürətlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,7 faiz artıb.
ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.
İqtisadi artım sürətinə görə qeyri-neft-qaz sektoru irəlidə olsa da, ixracatda dominant rol yenə neft-qaza məxsusdur. Belə ki, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə cəmi 673,7 milyon ABŞ dolları təşkil edib. Rəsmi məlumata əsasən 2024-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsulları üzrə ixrac 195,3 milyon ABŞ dollarına bərabər olub. 2024-cü ilin 3 ayı ərzində pambıq ixracı 47 faiz, meyvə-tərəvəz ixracı 15,3 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2 faiz, üzvi kimyəvi birləşmələrin ixracı isə 2,1 faiz artıb. 2024-cü ilin ilk rübü ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8 faiz artaraq 210,7 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 7,8 faiz artaraq 58,8 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Nəzərə alsaq ki, 2023-cü ilin birinci rübündə qeyri-neft-qaz ixracının həcmi 912,2 milyon dollar olmuşdu, onda bu ilin eyni dövründə göstəricinin 26,1 faiz azaldığını görərik. Hökumətin qeyri-neft-qaz ixracı deyə təqdim etdiyi məhsulların ixrac dinamikasına nəzər yetirdikdə məlum olur ki, azalma demək olar ki, bütünlüklə elektrik enerjisinin ixracındakı dəyişikliklə bağlıdır. Belə ki, keçən ilin birinci rübündə bu məhsulun ixracının dəyəri 281,1 milyon dollar olubsa, bu ilin eyni dövründə 7 dəfə azalmaqla 40,5 milyon dollar təşkil edib. Elektrik enerjisinin qaz və neft məhsulu olan mazutdan istehsal edildiyini nəzərə alsaq, onun qeyri-neft ixracı kimi qeydə alınmasının yanlış addım olduğunu rahatlıqla demək olar. Məhz bu yanlış qeydə alınmaya görə indi hökumət qeyri-neft ixracının artımı ilə öyünə bilmir. Halbuki əsl qeyri-neft məhsullarının ixracında artım davam edir...
Qeyri-neft sektorunda iqtisadi artım daha yüksək olsa da, bu sahədən dövlət büdcəsinən daxilolmalarda azalma var. Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532,0 milyon manat və ya 14,2 faiz, gömrük orqanlarının xətti ilə 102,9 milyon manat və ya 7,5 faiz, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2,0 milyon manat və ya 27,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52,3 milyon manat və ya 23,2 faiz çox icra edilib.
Proqnozdan yüksək olsa da, qeyd olunan mənbələrdən büdcəyə daxilolmalar 2023-cü illə müqayisədə xeyli azalıb. Belə ki, 2024-cü ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin həmin dövrü ilə müqayisədə Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 1 milyard 619,3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,3 milyon manat və ya 16,5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16,6 milyon manat və ya 6,3 faiz çox icra olunsa da, vergi oqanlarının xətti ilə daxilolmalar üzrə 617,8 milyon manat və ya 12,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75,1 milyon manat və ya 4,9 faiz az icra edilib.
Uzun illərdir Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi qəbul edilsə də, bu sahədə ciddi bir uğurun əldə olunduğunu söyləmək, təssüüf ki, mümkün deyil. Dünyada proseslər neft-qaz kimi fosil yanacaqlardan imtina istiqamətində dövr etsə də, Azərbaycanda iqtisadiyyatın bu məhsullardan asılılığının azalması sürətində artım çox zəif olaraq qalır. Ekspertlərə görə, 2015-2016-cı illərdə neft qiymətləri və ölkənin gəlirləri kəskin azaldığı dövrdə qəbul edilən yol xəritələrinin 80 faiz icrası təmin olunardısa, bu gün iütisadiyyatda qeyri-neft-qaz sektorunun payı indikindən azı iki dəfə yüksək olardı...
Mütəxəssislər hesab edir ki, neft-qaz qiymətlərinin yüksək olması Azərbaycana qeyri-neft-qaz sektorunun inkişafını sürətləndirmək üçün əlverişli şərtlərin yaxın 5-6 ildə də qalmasını təmin edəcək. Bu zaman kəsiyindən neft-qazdan kənar sahələrin real inkişafı baxımından real addımlar atılarsa, son 2-3 ildə başladılan proses sürətləndirilərək, keyfiyyəti artırılarsa, ölkə iqtisadiyyatının enerji keçidinin gətirəcəyi köklü dəyişiklikləri daha rahat keçirməsinə nail olmaq mümkündür.
Azərbaycan hökumətinin proqnozuna görə, 2024-cü ildə ölkədə qeyri-neft sektoru 5 faiz böyüyəcək. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il üçün Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 3,5-4 faiz səviyyəsində proqnozlaşdırır. Bank gələn il iqtisadi artımın 3 faiz olacağın gözləyir. Eyni zamanda 2024-cü ildə qeyri-neft ÜDM-in artımı 5,5 faiz, 2025-ci ildə isə 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.
Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırır. Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatına əsasən qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir: “Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir”.
Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4 % civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır. Eyni zamanda 2024-2026-cı illərdə kənd təsərrüfatında 3 faiz (2023-cü ildəki 3,2 faizlik artıma qarşı), sənayedə 0,2 faiz (2023-cü ildəki 0,9 faiz azalmaya qarşı), xidmət sektorunda 2024-2025-ci illərdə artım 5,3 faiz, 2026-cı ildə 5,2 faiz (2023-cü ildəki 3,8 faiz artıma qarşı) artım gözlənilir.
Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə 3,9 faiz, 2026-cı ildə isə 3,5 faiz artacaq. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə artım 9,6 faiz olmuşdu: “Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1 faizə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1 faizə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profsitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5 faizə yaxınlaşacağı proqnozlaşdırılır.
Azərbaycanın əsas ixrac və büdcə gəliri mənbəyi kimi karbohidrogenlərdən davamlı asılılığı onun əsas zəifliyi olaraq qalır. Bu, neft hasilatının azalması, neftin qiymətinin dəyişkənliyi və qlobal miqyasda qalıq yanacaqlardan imtina ilə əlaqədar uzunmüddətli artım perspektivlərini təhlükə altına salır".
Qeyd edək ki, 2024-cü ilin yanvar - aprel aylarında Azərbaycanda ötən ilin eyni dövründəkindən 500 milyon kubmetr çox - 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Bu qazın 8,5 milyard kubmetriixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb.
2024-cü ilin yanvar - aprel aylarında ölkədə ötən ilin eyni dövründəki 10,2 milyon tona qarşı 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(ötən il 6,2 milyon ton), 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in (1,5 milyon ton), 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı ötən ilki qədər - 2,5 milyon ton təşkil edib.
Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə, ötən il 8,5 milyon ton) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun(7,6 milyon ton), 1 milyon tonu isə SOCAR-ın(847 min ton) payına düşüb...
Dünya SAKİT,
“Yeni Müsavat”