İki ayda ixracı ən çox azalan məhsulun qeyri-neft sektoruna aidliyi sual doğurur
Azərbaycanda qeyri-neft ixracının azalması qeydə alınmaqdadır. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına əsasən cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 455 milyon dollar təşkil edib. Ümumi ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artıb, qeyri-neft sektoru üzrə ixrac isə 43,2 faiz azalıb. Ötən il qeyri-neft ixracının həcmi 651,3 milyon dollar olmuşdu.
2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə qara metalların ixracı 46,4 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7 faiz, pambıq ixracı 29,3 faiz, meyvə-tərəvəz ixracı isə 24,6 faiz artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları olub.
İki ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin fevral ayının qeyri-neft ixracı 233 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 25 faiz artımla 66,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 166,3 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 59,3 milyon ABŞ dolları, mart ayında isə 25 milyon ABŞ dolları olub.
Yanvar-fevralda ixracın azaldığı daha bir sahə peyk telekommunikasiya xidmətləridir. İxrac İcmalına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. Ötən ilin eyni dövründə Azərkosmosun gəliri 3,6 milyon dollar təşkil etmişdi.
İxrac olunan mallar üzrə müqayisə apardıqda, məlum olur ki, iki ayda ən çox azalma elektrik enerjisində qeydə alınıb. Belə ki, bu məhsulun ixrac dəyəri keçən ilin eyni dövründə 227,2 milyon dollar, bu il isə cəmi 34,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın əksər ekspertləri elektrik enerjisinin qeyri-neft sektoruna aid məhsul kimi təqdim olunmasını düzgün hesab etmirlər. Belə ki, Azərbaycanda elektrik enerjisinin 90 faizdən çoxu təbii qaz və mazut yanacağı hesabına istehsal olunur. Bu isə onun məhz neft-qaz sektoru məhsulu olaraq qəbul edilməsinə əsas yaradır. Lakin Azərbaycan rəsmi statistikasında elektrik enerjisi qeyri-neft məhsulu kimi qeydiyyata alınmağa davam edir.
Bu ilin iki ayında elektrik enerjisini istisna etsək, faktiki olara qeyri-neft ixracında azalma qeydə alınmayıb. Belə ki, bu dövrdə pambıq mahlıcı ixracı 23,2 milyon dollardan 33,5 milyon dollara, pomidor ixracı 19,1 milyon dollardan 30 milyon dollara, xurma ixracı 14,4 milyon dollardan 26,4 milyon dollara, ilkin formada propilen sopolimerləri 13,1 milyon dollardan 22,1 milyon dollara, karbamid ixracı 18,2 milyon dollardan 20,9 milyon dollara, alüminium ərintilərindən düzbucaqlı plitələr ixracı 2,4 milyon dollardan 16 milyon dollara, polimerləşmədə ilkin formalı maddələr ixracı 12,4 milyon dollardan 13,8 milyon dollara, alma ixracı 10,2 milyon dollardan 12,1 milyon dollara, minik avtomobilləri, mühərrikinin həcmi 2500 sm2-dən çox olan sıxılmaqdan alışan DYM-li (dizel) ixracı 3,9 milyon dollardan 12,1 milyon dollara, minik avtomobilləri, mühərrikinin həcmi 3000 sm2-dən çox olan qığılcımla alışan DYM-li ixracı 2,2 milyon dollardan 9,7 milyon dollara, sement klinkerləri ixracı 4.3 milyon dollardan 5,9 milyon dollara, digər yağlar və məhsulların ixracı 4,1 milyon dollardan 5,8 milyon dollara qədər artıb.
Eyni zamanda meşə fındığı ixracı 23,3 milyon dollardan 22,4 milyon dollara, metanol (metil spirti) ixracı 15,8 milyon dollardan 15,7 milyon dollara, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen ixracı 14,7 milyon dollardan 8,7 milyon dollara, qızıl ixracı 15,3 milyon dollardan 6,8 milyon dollara, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ixracı 10,7 milyon dollardan 6,1 milyon dollara qədər azalıb.
İxrac İcmalından aydın olur ki, yanvar-fevralda ötən ilin eyni dövrü ilə müqayisədə 5 ən böyük ixrac ölkəsindən Rusiyaya ixrac 137,7 milyon dollardan 154,4 milyon dollara yüksəlib. İkinci yerdə olan Türkiyəyə ixrac 273,9 milyon dollardan 97,3 milyon dollara, Gürcüstana ixrac 64,7 milyon dollardan 42,9 milyon dollara düşüb, Ukraynaya ixrac dəyişməyərək 18,2 milyon dollar təşkil edib. Beşinci yerdə gələn Qırğızıstana ixrac 2,1 milyon dollardan 18,2 milyon dollara qədər artıb.
Bu rəqəmlər göstərir ki, Azərbaycanın prioritet sahəsi olan qeyri-neft ixracında Rusiyadan asılılıq getdikcə daha da dərinləşir. Son aylarda Rusiyadan Azərbaycana mərkəzi hökumət, həmçinin yerli hökumətlər səviyyəsində edilən çoxsaylı səfərlər zamanı aparılan müzakirələr bu prosesin davam edəcəyindən xəbər verir.
Rəsmi statistikaya əsasən, 2023-cü il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətən 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib. Ötən il Azərbaycandan Rusiyaya 1,19 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 22,6 faiz və ya 220,9 milyon dollar çoxdur.
Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,6 faiz və ya 427,5 milyon dollar artaraq 3,16 milyard dollar təşkil edib.
2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 591,254 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 22,3 faiz azdır. Məlumata görə, yanvar-fevral aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 20,8 faiz azalaraq 155,131 milyon dollar, Rusiyadan mal idxalı isə 22,9 faiz azalaraq 436,122 milyon dollar təşkil edib.
Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində əlaqələr qurub. Bugünlərdə Sankt-Peterburqdan ölkəmizə böyük nümayəndə heyəti gəlib. Görüş və müzakirələrdə əsas diqqət qarşılıqla ticarətə yönəldilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir” mövzusunda biznes forumda bildirib ki, Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının artırılması məqsədilə mal nomenklaturasının genişləndirilməsi üçün siyahı tərtib edilməlidir: “İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial var, iqtisadi əlaqələrin təşviqi üçün iş aparılır. Bu istiqamətdə biz Kazanda, Yekaterinburqda keçirilən sərgilərdə iştirak etməyi planlaşdırırıq”.
AZPROMO rəsmisi həmçinin deyib ki, biznes forumda iştirak etmək üçün ölkəyə gəlmiş Rusiya nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına və sənaye parklarına səfəri təşkil ediləcək.
Y.Abdullayevin sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək üçün Rusiyanın Sank-Peterburq şəhərinə ixrac missiyalarını bərpa etmək lazımdır: “Bununla bağlı biz vaxtilə Sank Peterburqa ixrac missiyası təşkil etmişik. Bu fəaliyyəti tərəfdaşlarla müzakirə edib, ilin sonuna qədər Azərbaycan şirkətlərinin ixrac missiyalarını bərpa etmək lazımdır. İxrac missiyasının təşkil edilməsinə qədər isə əlaqələrimizi necə inkişaf etdirəcəyimizə nəzər salmaq lazımdır”.
Qeyd edək ki, son aylarda Qərb sanksiyaları Rusiyanın bir sıra ticarət tərəfdaşları ilə ticarət həcmlərinin azalmasına səbəb olub. Türkiyə, Ermənistan, Qırğızıstan və sair ölkələr vasitəsilə Rusiya bazarında çatışmayan məhsulları əldə etmək imkanları kəskin şəkildə daralıb. Bu baxımdan, Rusiya hakimiyyəti digər bazarlardan öz ehtiyaclarını qarşılamaq, həmçinin məhsullarını reallaşdırmaq məqsədi ilə istifadə etməyə çalışır. İndiyədək Rusiyaya sanksiyalı malların ixracı ilə bağlı heç bir irad almayan Azərbaycanın bu həssas məsələdə ehtiyatlı davranması son dərəcə əhəmiyyətlidir...
Dünya SAKİT,
“Yeni Müsavat”