"Özündə hiphop, drmnbass, rok-opera, Motsartı birləşdirən ciddi, qeyri adi, yaxşı bir mahnı düşün... Onu oxuyacaq qeyri adi insan tap, hansı ki, həm rep oxusun, həm də ən yüksək notlarda soprano göstərsin... Üzərinə gəl dəli, enişli, çıxışlı, sürüşməli, qaçmalı, hiperaktiv səhnə... Bütün bunları qeyri-binar (qeyri-müəyyən) cinsəllikdə, amma çox istedadlı sənətçiyə ver. Mahnı da, onun özünü tapmaq yolu haqqında olsun ki, bu da Avroviziyanın əsas izləyiciləri və yeniyetmələr üçün hər zaman aktualdır... Belə miks mütləq möhtəşəm nəticə verməli idi. Layiqli qələbə".
Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif Avroviziya-2024 qalibi barədə danışarkən bildirib. O,bu qələbənin layiqli olduğunu qeyd edib:
"Avroviziya ildən ilə daha da azad, sərbəst, açıq-saçıq, "cəsarətli" olur, bəzən də çirkinləşir. İçində siyasət, erotizm, satanizm varmı? Var! Amma dürüst olub, ətrafa, həyata baxaq. Bütün bunlar dövrümüzün gerçəkləri deyilmi? Şər də, xeyir də, işıq da, zülmət də, həyatımızda var. Sənət həyatı təsvir edir... Dəvəquşu sayaq gizlənsək də, bütün bunlar hər gün, hər ölkədə, hər şəhərdə yaşanır.
Amma, hit mahnı siyasətdən asılı olmayaraq həmişə hit qalır. Ona görə də, siyasət, din, müharibə və s. Bəhanələri qoyun kənara! Əsas məsələ odur ki, hit lazımdır, hit!"
O, Avroviziyada Azərbaycanın iştirak etməsinə qarşı çıxanlara da cavab verib:
"Bəziləri deyir: "Bizim burda nə işimiz var?" Onlara səslənirəm. Ölkəmiz Avroviziyada mütləq olmalıdır. Festivallar, yarışlar, beynəlxalq arenalar, özünü ifadə, özünü təmsil yeridir. Sən çirkinləşmə, sən maraqlı ol, sən sənət göstər, sən kreativ sərgilə, sən folklorunu tanıt. Amma, bunu "dadlı" et.
Yoxsa ki, ya əcnəbiyə pul tökürük, ya da ki...
Bizim təmsilçiləri və mahnını şərh etmirəm. Çox şey deyildi. Sadəcə bir ricam var. Tənqid edərkən, mərhəmət və patriotik hisslərlə edin. Heç kəs öz ölkəsini pis təqdim etmək istəməz. Heç kəs də uğursuzluğuna sevinməz. Anlayış göstərin, acıdil olmayın, qəlb qırmayın. Fəxri, İlkin, Eldar düşmən deyil, bizimdir!
Bu il, "dadlı" nömrələri Xorvatiya, İsveç, İtaliya, Portuqaliya, Ermənistan göstərdi. Fransa da pis deyildi... Nemo isə ən yaxşısı idi və qazandı".
Qeyd edək ki, 68-ci "Avroviziya-2024" Mahnı Müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) olub. İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni "The Code" mahnısını səsləndirib.