Qətl niyə adiləşdi - ömürlük həbs, yoxsa ölüm?!

Sosial şəbəkələrdən, saytlardan, qəzetlərdən demək olar hər gün qətl hadisəsinə dair xəbərlər oxuyuruq. Bəzən bu qətllərə elə öz məhəlləmizdə, yaxud küçədə gedəndə şahid oluruq. Niyə adam öldürmək bu qədər mənəvi-psixoloji olaraq asanlaşıb, adiləşib?
Martın 14-də saat 14 radələrində Yasamalda 1992-ci il təvəllüdlü Pünhan Fərzallı öldürülüb. 1999-cu il təvəllüdlü Şahlar Ağayevin onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Martın 12-də isə Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb.
Martın 9-da 1985-ci il təvəllüdlü Əli Eybatov 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlini qəsdən öldürüb. Bu dəhşətli cinayətin baş verməsi videokameralara da düşüb...
Bundan əvvəlki günlərdə də oxşar qətllər baş verib, bunlardan ən dəhşətlisi ötən ay baş vermiş ailə qətliamıdır – Əhməd Əhmədov bütün ailə üzvlərini öldürüb...
İnsanların bir-birini öldürməsi bəşəriyyət yaranandan mövcuddur – şəxsi münasibətlər zəminində, müharibələrdə, təsadüfən və s. səbəblərdən adamlar bir-birini canından, yaşamaq haqqından məhrum edib.
Uşaq vaxtı kitablardan oxuyurduq ki, bəşəriyyət, insan cəmiyyətləri, təfəkkürlər inkişaf etdikcə, qanlı olaylar azalacaq, adamlar sivil davranacaq, dünya gözəlləşəcək, yaşamalı, qorxusuz olacaq. Elə gözəl xəyallar qururduq ki... Ancaq əksi baş verdi: fərdi davranışlar, münasibətlər də qəddarlaşır, böyük müharibələr də.
Faktiki olaraq insanları 21-ci əsrin üçüncü onilliyində də heç cür başa salmaq olmur ki, adam öldürmək, Allahın verdiyi canı almaq böyük günahdır, bunun o dünyada da sorğu sualı var, bu dünyada da. Şəxsi münasibətlərdə, davranışlarda sivilləşmək əvəzinə vəhşiləşmə sürətlə gedir...

beyin.jpg (105 KB)
Dünyanın, qlobal güclərin, beyin mərkəzlərinin müharibələrin qabağını alacaqları, Yer üzündə dəhşətli faciələrin zamanla azalacağı illüziyalar da artıq darmadağındır. Əksinə, qlobal güclər artıq nüvə müharibəsinin anonsunu verir.

Müharibələrə heç də təsadüfən və ya xaotiklik edərək toxunmadım. Heç şübhəsiz ki, dünyada silahlı savaşların artması, hər gün bomba, güllə yağışından yüzlərlə günahsız insanın qanına qəltan edilməsi insan ölümlərini adiləşdirən başlıca amildir. Yəni böyük, kütləvi qətllər insanların fərdi davranışlarında da inikas edir.
Məsələn, hazırda sosial şəbəkələrdə, saytlarda insanlar oxuyur ki, son 3 ayda Qəzza zolağında 32 mindən artıq dinc insan qətlə yetirilib. Bunların şəkillərini da görürük. Elə isə psixologiyalar necə korlanmasın, qətl, adam öldürmək necə adiləşməsin?!

Ancaq psixoloji araşdırmalar deyir ki, qan-qadanın artması insan psixikasına mənfi yöndə də təsir etməyə bilərdi. Yəni əgər insanların düşüncə tərzi yüksəkdirsə, inkişafa meyllidirsə, qanlı hadisələr onları belə davranışılardan iyrəndirməlidir, çəkindirməlidir, təkrar etməkdən uzaqlaşdırmalıdır.
Ancaq təəssüf, görünən və fakt bundan ibarətdir ki, cəmiyyətlərdə çox az faiz insanda humanizm inkişaf edə bilib. Hətta bu iddialar var ki, qlobal güclər humanizmin deyil, məhz qəddarlığın artmasında, insanların bir-birini daha çox məhv etməsində maraqlıdırlar, buna görə genlərə, hüceyrələrə, beyinlərə qidalarla da mənfi təsirlər tətbiq edilir...
İnternet resurslarında bir balaca gəzişə etdim, öyrənməyə çalışdım ki, qətl statistikası təkcə bizdə artıb, yoxsa bu, bütün dünyada belədir?
Dəhşətli rəqəmlər var. Elə ölkə var ki, orada gündə 100 adam öldürülür. İnsanların say nisbəti ilə götürsək belə, Azərbaycana min şükür! Bizdə orta hesabla günə 1 qətl də düşmür...
Məsələn, 2021-ci ilin statistikasına görə, ABŞ-da ölkənin müasir tarixində ən yüksək qətl artımı qeydə alınıb. Belə ki, 2019-2020-ci illərdə qətllər 30 faiz çoxalıb.
Həmin illərdə Meksikada da qətllər üzrə yeni rekord qeydə alınıb.
2019-cu ilin ilk yarısında öldürülənlərin sayı ötən illə müqayisədə 5.3 faiz artıb.
125 milyon əhalisi olan Meksikada hər gün orta hesabla 100 qətl baş verir.
Müxtəlif sorğuların nəticəsinə görə, qətllər, kriminallar daha çox inkişafdan qalmış və ya inkişafı zəif gedən ölkələrdə baş verir. Bu sırada Sudan, Somali, İraq, Kolumbiya, Qvatemala, Venesuela, Cənubi Afrika, Braziliya, Honduras üstünlük təşkil edir.

Firavanlığı, təhsil və sosial inkişafı yüksək olan İsveç, Avstriya, İsveçrə, Almaniya, Norveç, Danimarka, İslandiya, Yaponiya, Lüksemburq, Sinqapur, Kiprdə isə qətl və ümumiyyətlə digər şəxsiyyət əleyhinə cinayətlərin faizi çox azdır. Deməli, fərdi davranışlarda təhsil, sivil toplum, sosial inkişaf mühüm rol oynayır...
İnsan bir dəfə dünyaya gəlir. Onu öldürmək olmaz! Əlbəttə, səhvsiz insan da yoxdur. Hansı qatili dindirsən, deyir səhvi vardı, öldürdüm. Əvvəla, istənilən səhvin cəzası adekvat olmalıdır, heç bir halda öldürmək olmaz. Və bir vaxtlar köhnə kişilər deyərdilər ki, qəfil cibindən bir bıçaq çıxarıb soxmaq, ya tapança ilə adi bir şeyin üstündə güllələmək hünər deyil, əksinə acizlikdir.
Digər tərəfdən, məntiqlə də, hüquqla da, dini, mənəvi baxımdan da, ən böyük səhv adam öldürməkdir, o zaman cəmiyyətdən tez-tez eşidilən “ölüm hökmü bərpa olunsun” tələbi də haqlı görünür.

Son vaxtlar bir çox qətllərin səbəbi kimi qısqanclıq, xəyanəti göstərmək (haqlı-haqsız) "dəbə" düşüb. Namusu qorumaq anlayışı tamam fərqlidir. Məsələn, sənin ailənə, doğmana, evinə biri təcavüz etdiyi halda sən namusunu qorumalısan, müdafiə etməlisən. Digər bütün hallarda isə sivil toplumlarda ayrılmaq, yalnız öz adınla yaşamaq daha doğru yoldur... 

Düzdür, hüquqi tərəfdən sübut edilib ki, dəhşətli cinayət törədəni ömürlük həbsə göndərmək ölümdən daha ağır cəzadır. Məsələn, bir müddət əvvəl keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova bu günlərdə hökm oxundu, ömürlük verildi.
Ancaq bəzən şahidi oluruq ki, bir adamı qətlə yetirən şəxsə 15-20 il arası cəza verilir, 10-12 il həbsdə yatır, əfvlə tez çıxır, yaxud da elə günə-gün yatıb, məsələn, 17 il sonra çıxır. Və başlayır qətlə yetirdiyi adamın övladlarının, doğmalarının gözünün qarşısında yaşamağa. Buna görə hətta bir adamı qətlə yetirənə də ən azı ömürlük cəza tələbi (ölüm cəzasını əvəz edən) gündəmə gəlməlidir düşüncəsi hakimdir. Çünki bir adamı öldürmək onun balalarını, ata-anasını da mənəvi olaraq öldürmək deməkdir. Bir insanı öldürmək təkcə onun ölümü sayılmamalıdır. Ümumiyyətlə, qəsdən adam öldürməyə, bircə dəfə gəldiyi həyatdan məhrum görə tam adekvat cəza mexanizmi tətbiqi məsələsini hüquq sahəsinin adamları yenidən gündəmə gətirməli və insanlar qətl törətməyə adi bir iş kimi baxmayana, onlarda vahimə yaranana qədər sərtləşmə olmalıdır.

14.03.2024 17:28
1720