Qətər şirkəti dünyada ən böyük qaz tankerlərini tikdirir

Qətərin enerji şirkəti QatarEnergy və Çin Dövlət Gəmiqayırma Korporasiyası (CSSC) altı QC-Max mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin tikintisinə dair müqavilə imzalayıb.

Musavat.com Qətər şirkətinin açıqlamasına istinadən xəbər verir ki, yeni müqavilə QatarEnergy-nin donanmasını 128 gəmiyə, o cümlədən 24 QC-Max tankerinə çatdıracaq.

Qaz daşıyıcıları CSSC-yə məxsus Şanxay şirkətinin Hudong-Zhonghua gəmiqayırma zavodunda tikiləcək. Yeni gəmilərin çatdırılması 2028-ci ildən 2031-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin şərtlərinə görə, hər bir gəminin tutumu 271 min kubmetr olacaq. Beləliklə də onlar dünyada ən böyük LNG tankerləri olacaq.

Altı yeni qaz daşıyıcısının tikintisi üzrə müqavilənin məbləği açıqlanmayıb. Lakin QatarEnergy şirkətin sifariş etdiyi 24 QC-Max tankerinin hamısının dəyərinin 8 milyard dollar olduğunu bəyan edib.

Musavat.com

09.09.2024 20:06
351