Xəbər verildiyi kimi, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan şərti sərhədi keçərək, Azərbaycan ərazisinə daxil olarkən saxlanılıb. Artıq müvafiq məlumat Çexiyanın Bakıdakı konsulluğuna göndərilib. Faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransa nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Fevralın 2-də isə Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.
Milli Jandarma hərbi əməliyyatlarda iştirak etmək üçün Daxili İşlər Nazirliyinin və Xarici Ərazilər Nazirliyinin, Silahlı Qüvvələr Nazirliyinin tabeliyində olan Fransa silahlı qüvvəsidir. Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığına dəlalət edə bilər.
Hansı kəşfiyyat? Fransanın özəyini təşkil etdiyi Avropa Birliyinin sərhəddəki yarımhərbi müşahidə missiyasını Azərbaycanla və qardaş Türkiyə ilə bağlı ən çox nə maraqlandıra bilər?
Bunu da yada salaq ki, ötən ilin dekabrında Azərbaycanda Fransanın xeyrinə casusluq edən iş adamı Martin Ryan ad-soyadlı şəxs saxlanılıb və haqqında cinayət işi başlanıb.
Nə baş verir? Azərbaycana qarşı hansı təxribat hazırlanır?
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Çexiya vətəndaşının Ermənistandan Azərbaycan ərazisinə keçməsi casusluqdan daha çox təxribat xarakterlidir: “Çexiya vətəndaşının özbaşına casusluq etməsi inandırıcı deyil. Kəşfiyyat və əks-kəşfiyyat xidmətləri digər ölkə vətəndaşını bu cür hazırlıqsız şəkildə Azərbaycan ərazisinə göndərməz. Göndərmək istəsəydilər, onu rəsmi yolla, turist kimi ölkəyə göndərərdilər. Çexiya vətəndaşına Ermənistan ərazisindən Azərbaycana keçməyə şərait yaratmaqla öyrənmək istəyirlər ki, keçid mümkün olacaqmı? Bu daha çox provokasiyadır. İlk növbədə həmin Çexiya vətəndaşının qarşısını ermənilər almalı idi. Almayıblarsa, deməli, təxribata çəkmək niyyətləri var. Ən azı qışqır-bağır salacaqlar ki, Azərbaycan sərhəddə Çexiya vətəndaşını saxladı. Çexiya vətəndaşını bu baxımdan casusdan daha çox təxribatçı hesab edirəm. Bu təxribat daha çox təbliğata hesablanmış bir məsələdir”.
Ekspert deyib ki, bu gün Azərbaycan-Ermənistan sərhədində tam olaraq mühəndis qurğuları qurulmayıb, tikanlı məftillər çəkilməyib: “Bu baxımdan, düşmənin kəşfiyyat və əks-kəşfiyyat orqanlarının məxfi şəkildə ölkəmizin ərazisinə hər hansı bir şəxsi keçirməsi mümkündür. 30 il ərzində o ərazilər düşmənin işğalı altında olub, yerli şəraiti, hər dağı-daşı, dərəni, çayı yaxşı bilirlər. Çexiya vətəndaşının isə sırf təxribat məqsədilə öz sərhədlərindən Azərbaycan ərazisinə keçməsinə şərait yaradıblar. O ki qaldı Fransanın briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkməsi, orada sərhəddəki vəziyyətlə tanış olması da təxribatdır. Eyni zamanda daha çox Rusiyaya mesajdır. Fransa Milli Jandarmeriyasının briqada generalının Ermənistan-Azərbaycan sərhədinə gəlməsi Rusiyaya üstüörtülü meydan oxumaqdır. Bir türk leytenantının Azərbaycan- Ermənistan sərhədinə gəlib Ermənistan ərazisinə baxması bütün Ermənistanı lərzəyə salır. Bu gün Azərbaycanın xüsusi təyinatlı qüvvələri qış təlimlərinə başlayıb və bu, Ermənistanda panika yaradıb. Ermənilər Azərbaycan qış çıxmamış bizə hücum edəcək deyib panikaya giriblər. Belə bir qorxuları var. Fransa Milli Jandarmeriyasının briqada generalının Ermənistan-Azərbaycan sərhədinə gəlməsi Rusiya ilə yanaşı bir qədər də İrana mesajdır. Çexiya vətəndaşının sərhədkeçmə əməliyyatı isə daha çox avantüradır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”