Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır
ABŞ və Qərbin Cənubi Qafqaza yönəlik siyasəti iflasa uğramaq üzrədir. Ukrayna savaşında təşəbbüsün əldən verilməsindən sonra Qərb bu regionda da strateji hədəflərindən uzaqlaşmağa başlayıb. Çünki ABŞ və Qərb Cənubi Qafqaz dövlətlərinin, eləcə də xalqlarının maraqlarına laqeyd yanaşmaqla yanaşı, həm də təlimat modelində hərəkət etməyə üstünlük verir. Və nəticədə Qərbin bu regionda fəaliyyəti bumerang effekti ilə geri çevrilmiş olur.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərbin Cənubi Qafqaz planlarından kənar müstəqil xarici siyasət kursuna yalnız Azərbaycan nail olub. Rəsmi Bakı Azərbaycanı qütblərdən kənarda saxlamağı bacarır. Nə şimaldan, nə də qərbdən gələn təzyiqlərə Azərbaycanın xarici siyasət kursuna təsir imkanı tanımır. Və nəticədə Azərbaycan regiondan kənar təsirlərdən uzaq qalmaq şansını maksimum səviyyədə qoruyur.
Ancaq Cənubi Qafqazın digər iki dövləti barədə eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Çünki həm Gürcüstan, həm də Ermənistan hazırda ABŞ və Qərbin Rusiya ilə qlobal qarşıdurmasının girovuna çevrilmiş kimi görünür. Hər halda, bu iki region ölkəsinin ərazisi Rusiya və Qərbin geopolitik savaş məkanına daxil olunub. Və indi hər iki ölkədə yaşanan daxili siyasi-ictimai böhranın əsas səbəblərini də məhz bu önəmli faktorun inkişafında axtarmaq lazımdır.
Maraqlıdır ki, həm Gürcüstanda, həm də Ermənistanda baş verən hadisələrin səbəbləri fərqli olsa da, əslində, ümumi məzmun oxşardır. Hər iki ölkədə ABŞ və Qərbin Rusiya ilə maraqları kəskin şəkildə toqquşur. Ən əsasısa, hakimiyyət və müxalifət düşərgələrinin siyasi orientasiya vektorları əks istiqamətlidir. Belə ki, Rusiya Gürcüstanda hakimiyyətə, Ermənistanda isə revanşist müxalifət düşərgəsinə nəzarət edir. Və hər iki ölkədə Qərbin mövqeləri sarsılmağa başlayıb.
ABŞ və Qərb vaxtilə Gürcüstanı da Rusiya ilə qarşıdurmaya sövq etməyi bacarmışdı. Saakaşvili hakimiyyəti Qərbyönümlü siyasət yürüdürdü, Gürcüstanı Avropa Birliyi və NATO-ya üzvlük istiqamətində tuturdu. Sadəcə, Qərb Saakaşvili hakimiyyətinə verdiyi vədlərin heç birisinə sadiq qalmadı. Nəticədə Rusiyanın orbitinə daha yaxın olan Bdzina İvanişvilinin partiyası hakimiyyətə gəlməyi bacardı. Və həmin dövrdən üzübəri Rusiya ilə məsafə saxlamağa çalışsa da, öz fəaliyyətini Kremlin maraqları ilə uzlaşdırmağa çalışan siyasi qüvvələr Gürcüstanı idarə edir.
Əslində, rəsmi Tiflisin Cənubi Qafqazda Rusiya faktorunu nəzərə almağa çalışması tamamilə praqmatik yanaşmadır. Çünki Qərb heç vaxt öz vədlərini yerinə yetirmir, israrla Rusiya ilə ziddiyyət tələb edir. Gürcüstan isə təkbaşına buna qadir deyil və Rusiyanın regional təsirləri ilə hesablaşmaq məcburiyyətindədir. Üstəlik, Saakaşvili hakimiyyəti dönəmində Qərbin geopolitik avantüraları ucbatından Gürcüstan separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinə nəzarəti də tamamilə itirib. Və Qərb buna bir neçə bəyanatdan başqa heç bir hərbi-siyasi, hüquqi reaksiya verməyib.
Ancaq bütün bunlara baxmayaraq, ABŞ və Qərb Gürcüstanda özünə siyasi-ideoloji sosial baza yaratmağa nail olub. Minlərlə QHT Qərbdən gələn qrantlar hesabına fəaliyyət göstərir. ABŞ və Qərb isə özündən asılı vəziyyətə saldığı bu "qrant agentləri"ndən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Xüsusilə də, Gürcüstan hakimiyyətini Rusiya əleyhinə fəaliyyətə sövq etmək baxımından, "qrant aventurası" əvəzolunmaz xidmətlər göstərir. Və bu, indiki situasiyada rəsmi Tiflisin geopolitik hədəfləri, eləcə də Gürcüstanın milli təhlükəsizlik maraqları ilə kəskin ziddiyyətlər təşkil edir.
Ona görə də, Gürcüstan hakimiyyəti ictimai fəaliyyətin xarici ölkələrdən maliyyələşdirilməsinə nəzarət etmək üçün "xarici agentlər" barədə qanunun qəbul edilməsinə qərar verib. Xarici ölkələrdən qrant alıb, təsir altına düşmüş siyasi-ictimai düşərgənin təmsilçiləri isə bu sənədin qəbuluna kəskin şəkildə müqavimət göstərməyə çalışırlar. Və onların Gürcüstan hakimiyyətinə qarşı müqavimət hərəkatı Qərb siyasi dairələri tərəfindən fəal şəkildə dəstəklənir.
Ağ Evdən rəsmi Tiflisə verilən ultimatumda vurğulanır ki, əgər, həmin sənəd hüquqi qüvvəyə minərsə, ABŞ Gürcüstanla münasibətlərə yenidən baxacaq. ABŞ hesab edir ki, bu qanun demokratik dəyərlərə ziddir və Gürcüstanı Avropa Birliyinə üzvlükdən də uzaqlaşdıra bilər. Və indi Ağ Ev yalnız Fransa vətəndaşlığı olan, Avropa Birliyinə üzvlüyün əsas tərəfdarı prezident Salome Zurabişvilinin "xarici agentlər" barədə qanuna veto qoyacağına ümid bəsləyir.
Halbuki, Ağ Evin bu ümidləri də elə bir ciddi nəticə vəd etmir. Çünki Gürcüstan prezidenti yalnız bir dəfə veto etmək hüququna malikdir. Parlament növbəti dəfə sənədi prezidentə göndərərsə, qanunu təsdiqləməyə məcburdur. Və bu, o deməkdir ki, Gürcüstan hakimiyyəti ölkə daxilində "qrant aventurası"nın fəaliyyətini məhdudlaşdırmaq niyyətində israrlıdır.
Təbii ki, ABŞ və Qərbin buna etiraz etməsi tamamilə başadüşüləndir. Çünki həmin qanunun qəbulundan sonra Qərbin Gürcüstandakı casus şəbəkəsi çökdürüləcək. Qərb həmin şəbəkənin üzərindən Gürcüstana təzyiq göstərmək imkanlarını itirmiş olacaq. Rusiya ilə regional qarşıdurma şəraitində bu, ABŞ və Qərbin geopolitik maraqlarına sarsıdıcı zərbə sayıla bilər. Və bu səbəbdən də, Qərb ultimatum məzmunlu mesajlarla Gürcüstanın daxili işlərinə qarışmağa cəhd göstərir.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstanın "xarici agentlər" qanunu Ermənistan üçün də ciddi problemlər yarada bilər. Çünki bundan sonra Qərbin agentura şəbəkəsi üçün yeganə fəaliyyət məkanı olaraq, Ermənistan ərazisi açıq qalmış olacaq. Yəni Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin agentura mərkəzinə çevriləcək. Qərb öz kəşfiyyat fəaliyyətini yalnız Ermənistan ərazisində reallaşdırmaqla kifayətlənməli olacaq. Və Ermənistanda da Qərbyönümlü Paşinyan hakimiyyəti ilə Kremlin nəzarətində olan revanşist müxalifət düşərgəsi arasında kəskin qarşıdurmanın olduğunu nəzərə aldıqda, situasiyanın ciddi şəkildə qəlizlışməkdə olduğunu düşünmək mümkündür.
Belə anlaşılır ki, ABŞ və Qərb böyük sürətlə Cənubi Qafqazdakı kövrək mövqelərini itirməyə başlayıb. Yəni, belə davam edərsə, bu regionda ABŞ və Qərb üçün elə bir ciddi istinad məkanı qalmayacaq. Yəni, Qərbin onilliklər boyu qurduğu agentura şəbəkəsi çökdürülmək üzrədir. Ermənistan Qərbin casus mərkəzinə çevrilsə belə, Cənubi Qafqazda effektiv fəaliyyətə uyğun geopolitik şərtlərə malik deyil. Və bu baxımdan, Qərbin Cənubi Qafqaz uğrunda mübarizəni uduzması qaçılmaz kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu