Qərbin bölgədə təxribat planınınilk atəşi - niyə Naxçıvan?

Brüssel görüşü öncəsi tətiyin çəkilməsi kimin marağında ola bilərdi?; Rusiya Ermənistanın məğlubiyyətinin səbəblərini Qərbdə axtarmağı tövsiyə edir; azərbaycanlı ekspertlərdən ilginc şərhlər

Qərb Ermənistanın əli ilə Cənubi Qafqazda hazırladığı təxribat planının ilk atəşini açdı. Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması məhz bu cür qiymətləndirilməlidir.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan öncə isə 30 və 31 mart, 1 aprel tarixlərində isə Ermənistan Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərinə ordu yığırdı. Ekspertlər bildirirdilər ki, bu, təsadüfi deyil, 5 apreldə ABŞ-Aİ-İrəvan arasında imzalanacaq hərbi paktdan öncə təxribat törətmək və bununla Ermənistanın təhlükəsizliyinə “ciddi zərurət” yaranması görüntüsünü formalaşdırmağa cəhd edirlər. Hərbi ekspert Ramil Məmmədli Globalinfo.az-a deyib ki, diqqətçəkən məqam Ermənistan ordusunun əvvəllər olduğu kimi, Qazax, Tovuz, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın istiqamətindən deyil, həm də Naxçıvan istiqamətində təxribatlar törətməsidir. Niyə məhz Naxçıvana atəş açılıb? Bununla Ermənistan və onun havadarları nə demək istəyiblər? Digər bir məsələ, Aİ-ABŞ və Ermənistan arasında imzalanacaq hərbi paktın detalları niyə bugünədək gizli saxlanılır? Əslində bu hərbi pakt təhlükəsizliklə bağlı deyil, özü sırf təhlükədir. Bu, regionun və dünyanın təhlükəsizlik sisteminə növbəti qəsd kimi qiymətləndirilə bilər. Söhbət həm Cənubi Qafqazda yenidən silahlı münaqişə yaratmaqdan, həm də Qərbin bu bölgədə Rusiyaya qarşı cəbhə açmaq cəhdindən gedirsə, deməli, plan olduqca məkrli və təhlükəlidir. Regionu çalxalamaq istəyən Qərb bunun məsuliyyətini dərk etmirmi? Və başa düşmürlər ki, belə hərbi pozuculuqla onların Azərbaycana da təzyiq göstərməklə bölgəyə nüfuz etmələri mümkün olmayacaq, əks-effekt verəcək? Niyə normal əməkdaşlıq formatı üzərində çalışılmır? Hansı ki, bunu Azərbaycan dəfələrlə Qərb dövlətlərinə təklif edib.

Bu arada rəsmi Moskvanın davranışları da diqqət çəkir. İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib. Musavat.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib. Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.

“Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalanda ittiham edirəm”, - Zaxarova bildirib.

XİN təmsilçisinin sözlərinə görə, Qərb ölkələri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit edilməyib və təmin edilməyib.

Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.

Göründüyü kimi, Rusiya Ermənistanı əldən buraxmaq niyyətində deyil və baş verənlərə görə Qərbi suçlayır.

Maraqlısı budur ki, təxribat məhz Ermənistanın şərti sərhədlərə qoşun birləşmələri, hərbi texnika və ağır texnika cəmlədiyini əks etdirən görüntülərin yayılmasından sonra baş verdi. Özü də Azərbaycanın təqdim etdiyi faktları rəsmi İrəvan və Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası eyni anda təkzib etdi, xüsusi nümayəndə Klaar də məmnuncasına dəstəyini açıqladı.  

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, xeyli müddətdir davam edən atəşkəs sükutunun Naxçıvan istiqamətində pozulmasına müxtəlif qiymətlər vermək olar: “Hər şeydən əvvəl qeyd olunmalıdır ki, Azərbaycan son aylarda bu cür təxribatlara təmkinlə yanaşır, yeni eskalasiyanın başlanmasına imkan vermir, həmçinin cavab tədbirləri də görmür. Bunlar Azərbaycanın regionda sülh və sabitlikdə maraqlı olduğunu bir daha nümayiş etdirir. Gərginliyin, qarşıdurmanın yaranmasında, kəskinləşməsində Qərbin, Ermənistanın həvəsli olduqları göz önündədir. Qərb regiona gəlmək üçün kiçik də olsa, hərbi qarşıdurmanın baş verməsini istəyir. Ermənistan isə Qərbin bu istəyinin yerinə yetirilməsi üçün alət, "maşa" rolunda çıxışlarını davam etdirir. Hər bir dövlətin öz maraqları var, onu müxtəlif yollarla reallaşdırmağa çalışırlar. Qərb, ABŞ da 100 il əvvəl yarımçıq qalmış arzusunu reallaşdırmağa çalışır, amma bunun üçün Ermənistanı tərəfdaş seçməsi o qədər də rasional görünmür". 

A.Nağının sözlərinə görə, Ermənistan alət kimi müəyyən məqamda hansısa xidməti göstərə bilər: “Lakin bu ölkənin ciddi nəticənin əldə olunması üçün yararlı tərəf olmaq imkanı, gücü, ən əsası isə etibarlılığı yoxdur. Qərbin məqsədinə çatmaq üçün yanlış yol, vasitə seçdiyi aydındır. Özləri bilərlər. Biz isə göz önündə olan proseslərdən düzgün nəticə çıxarmalı, maraqlarımıza xələl gəlməsinə imkan verməməliyik. Bunun üçün istənilən təxribata, o cümlədən qaynar qarşıdurma variantlarına hazır olmalıyıq”.

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov məsələyə aşağıdakı prizmadan yanaşmağı vacib sayır: “ABŞ dövlət katibinin nümayəndəsi və Avropa İttifaqının nümayəndələri də 5 aprel görüşünü daha çox iqtisadi məsələlər və Qərbin Ermənistana yeni iqtisadi yatırımları ilə bağlı müzakirələr görüşü kimi şərh edir. Amma faktiki mövcud olan və bilinən ondan ibarətdir ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh imkanlarını bloklayan, iki ölkə arasındakı münasibətlərə zərbə vuran məhz Ermənistanın Avropa Birliyi və Amerika tərəfindən təhrik edilməsi ilə həmahəng davam edir. Bu gün Ermənistan Azərbaycan əleyhinə qızışdırılır və Avropa İttifaqı, ABŞ bölgənin real gücü olan Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistanla birtərəfli görüşlər keçirir. Bunlar əsla qəbul edilən hal deyil, maraqlarımız kontekstindən də uyğun məsələ hesab olunmur”. T.İsmayılov qeyd etdi ki, bu gün Fransa başda olmaq üzrə Qərb imperialist şəbəkələri həqiqətən də bölgədə rifah istəsəydilər, o zaman Ermənistanın normal sülh müqaviləsi imzalamasına nail olardılar: “Amma biz görürük ki, onlar əksinə, Ermənistanı Azərbaycan əleyhinə hər gün daha da qızışdırmağa və iki ölkə arasındakı münasibətləri daha da korlamağa çalışırlar. Qərb ənənəvi qeyri-səmimiliyini davam etdirir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Qərbin Ermənistana birtərəfli şəkildə siyasi və təhlükəsizlik dəstəyi regionda sülhə birbaşa təhdid yaradır: “Brüssel görüşü öncəsi, Ermənistan tərəfinin şərti sərhəddə atəş açması məhz Fransanın təlimatı ilə həyata keçirildi. Naxçıvan tərəfin seçilməsi əsasən Türkiyəni və Azərbaycanı provokasiyaya çəkməkdir. Qərbin Ermənistanda militarist siyasət həyata keçirməsi bu regionda geosiyasi mövqeyini möhkəmləndirə bilməyəcək. Rusiyanı regiondan çıxarmaq Ermənistanı Azərbaycanla sülhə məcbur etməkdir. Sülh olmasa, iki ölkə arasında Qərbin burada hərbi dəstəyi Ermənistanın blokadada qalmasını və təcridini dərinləşdirəcək. Ona görə də Qərbin hərbi yolu seçməsi Azərbaycanın mövqeyinə təsir etməyəcək. Yəni Azərbaycan geri addım atmayacaq və prinsipial mövqeyini möhkəmləndirəcək”. 

M.Əsədulla qeyd etdi ki, bəlli paytaxtlar hesab edirlər ki, Ermənistanı silahlandırmaqla paritet yaradacaqlar: “Amma səhv siyasət ortaya qoyurlar. Sülh bununla əldə olunmur. Sülh üçün ilk növbədə Ermənistana təzyiq etmək lazımdır. Bunu da Qərb etmir. Hesab edirəm ki, Cənubi Qafqazda təhlükəli bir proses gedir. Qərb sülhə mane olmaq siyasəti ilə Azərbaycanın ikitərəfli danışıqlar təklifinə də mane oldu. Seçim Ermənistanındır. Real siyasət ortaya qoymağa Paşinyan çətinlik çəkir. Qərbin əli ilə də ölkəsini çətin vəziyyətə salacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

04.04.2024 12:19
717