Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub – FOTOLAR

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub.

İnterpress.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Asossasiyasının rəsmi tərəfdaşlığı və Avropanın nifuzlu siyasi nəşrlərindən olan “Geopolitica” jurnalının informasiya dəstəyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdışa həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Buxarest Forumu baş tutub.

Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin sədri Toğrul Allahverdili qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən T.Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.

Azərbaycan-Türk Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını deyərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən T.Rüstəmxanlı onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Rumıniya Amerikan Universitetinin rektoru Prof. Dr. Costel Negricea və Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Asossasiyasının prezidenti Dr. Vasile Simileanu və Azərbaycan-Türk Qadınlar Cəmiyyətinin idarə heyyətinin üzvü Tamam Məmmədova çıxış edərək qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında çıxış edərək, azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığlarını dilə gətiriblər.

Tədbirin rəsmi çıxışlarından sonra panel müzakirələri təşkil edilib.

Rumıniyanın nifuzlu siyasi şərhçisi, ekspert Sorin Dobriçeanu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər və “Vətəninfo” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı Buxarest Universitetinin doktorantı Salatın Şamilovanın moderatorluğu ilə keçirilən “QAÇQINLAR PROBLEMİNƏ AVROPA YANAŞMASI VƏ HƏLLİ YOLLARI” adlı paneldə qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

13.06.2024 12:28
730