Qərbi Azərbaycan xronikası: Erməni generalını Göyçədə öldürdülər - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Məşədi İsa Göyçə əhalisini belə qorudu” adlı buraxılışda Göyçə mahalının, Basarkeçər rayonunun Qaraiman kəndinin tarixi, adət-ənənələri, irsi, mətbəxi, xalq yaradıcılığı və toponimləri araşdırılıb.

Qeyd olunub ki, kəndin yaranma tarixi XIV əsrin axırları (1387–1388) XV əsrin əvvəlinə (1410) təsadüf edir. Qaraiman kəndinin əsası Qazaxdan Göyçə mahalına gələn dörd qardaşlardan biri olan Qara İman tərəfindən salınıb. Qaraiman kəndinin adı yarandığı ilk gündən yəni XIII əsrin başlanğıcından (1210) 1988-ci ilin dekabrına qədər üç dəfə dəyişdirilib.

Diqqətə çatdırılıb ki, kəndin adı sovet dövründə Sovetkənd şəklində dəyişdirilib. Bu adın qoyulmasının səbəbi sovet hakimiyyətinin apardığı sovetləşdirmə, habelə antitürk siyasəti idi. 1991-ci ildə kəndin adı yenidən dəyişdirilərək Kaxakn qoyulub.

Süjetdə Qaraiman kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, erməni generalının özbaşınalığına necə son qoyulmasına və öldürülməsinə, xalq qəhrəmanı Məşədi İsanın Göyçə əhalisini necə qorumasından, erməni generalını məhv etməsindən, bu kənddə böyük Oğuz qəbirlərinin tarixinə aydınlıq gətirilib.

Həmçinin Qaraiman kəndində Oğuz məzarlığını və Qıpçaq kilsəsini ermənilərin necə dağıtmasından, keçmiş deputatın Göyçə tələbi ilə Moskvaya getməsindən, rəsmi Moskvadan Göyçə tələbinə verilən qəribə cavabdan, eləcə də kənd sakinlərin xəngəl və əriştəni necə hazırlamasından bəhs olunub.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

31.03.2024 11:34
1264