Qərbi Azərbaycan Xronikası: Bəryabad kəndinin böyük faciəsi və bu gün yaşayan irsi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Musavat.com xəbər verir ki, “Bəryabad - Türkiyədə yaşayan Qaraqoyunlu irsi” adlı buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Bəriabad kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, irsi, dekorativ sənəti, xalq yaradıcılığı və toponimləri araşdırılıb.

Bildirilir ki, Bəriabad ermənilər tərəfindən 1991-ci ildən Barepat adlandırılıb və rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Çəmbərək yolunun cənub tərəfində, Qaraqoyunlu dərəsində yerləşir. Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə təqribən 20-ə yaxın kənd Ermənistanın tərkibində qalıb. 

Qeyd olunur ki, burada 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhali olub. Nəhayət, 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilib. 1988-ci ilin faciəli deportasiyası zamanı azərbaycanlılar doğma yurddan qovulublar.

Verilişdə vaxtilə babaları Qaraqoyunludan Türkiyəyə köç etmiş professor Rza Qarabağ qaraqoyunlular səltənətindən, bu səltənətin Azərbaycan ərazisində necə yayılmasından və Türkiyədə qaraqoyunlu irsinin yaşadılmasından söz açır.

Sonda Bəriabad kəndində adət-ənənələr, bayramlar, şadlıq törənləri, qədim türk izləri - məbədlər, qəbirlər göstərilir, göllərin əhatəsində olan kəndlə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

02.03.2024 23:28
654