Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Çəmbərək bölgəsi, Toxluca kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
Verilişdə Toxluca kəndinin tarixindən, yerləşdiyi coğrafi ərazidən söhbət açılıb. Bildirilib ki, Toxluca ərazisinin çox hissəsini dağətəyi yamaclar, təbii-tarixi, eləcə də vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Bu kənd Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Qeyd olunub ki, yayda dağları çən-çiskinli, gül-çiçəkli çəmənləri şehli olan, saf sulu buz bulaqları, min bir dərdin dərmanı sayılan bitkiləri, təmiz dağ havası, yayla və yamacdan ibarət təbiət möcüzəsi ilə məşhur Toxluca Qərbi Azərbaycanın ən iri yaşayış məskənlərindən biridir.
Verilişdə Toxluca kəndinin adətlərindən, mətbəxindən, mədəniyyətindən də danışılıb. Bayandur xanın məzarının bu kənddə olduğu qeyd olunub. Qəbirlərin üzərindəki ay işarəsinin əsl mənası, kənddəki kurqanların kimlərə məxsus olduğu diqqətə çatdırılıb. Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrində olduğu kimi Toxlucada yaşayan soydaşlarımızın da deportasiyaya məruz qaldığı, köç karvanı kənddən çıxarkən ermənilər tərəfindən atəşə tutulduğu, həmçinin ermənilərin yolları bağlayaraq Toxluca əhalisini əsir götürmək istəməsi, 35 ildir atalarının məzarını görə bilməyən, ziyarət etməyən bacı-qardaşların acı fəryadları tamaşaçıların diqqətinə çatdırılıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 28-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.