Qərbdən sülh sazişinin imzalanacağı vaxtla bağlı mesaj: Sənəddə Zəngəzur maddəsi də olacaq, dəhlizə Bakı nəzarət edəcək

Paşinyan hakimiyyəti ən qısa zamanda yekun sülh sazişinə əngəl törətməyə çalışan radikal-revanşist erməni siyasi dairələrinin müqavimətini qırmaq barədə düşünməli olacaq... Əks halda, Qərb analtik-təhlil mərkəzlərinin ehtimallarına görə, Ermənistan öz mövcudluğunu qorumaq üçün ehtiyac duyduğu yekun sülh sazişi əvəzinə, onun suverenliyini riskə atacaq yeni savaş təhlükəsi ilə qarşılaşa bilər...

Ermənistan cəmiyyətində yeni savaşın xofu yaşanmaqdadır. Erməni toplumu "xəyallar"dan ibarət olan "mifik keçmiş" ilə mövcud reallıqlar arasında çabalayır. Çünki "mifik keçmiş" erməni toplumuna heç vaxt reallaşmayacaq "xəyali iddialar"dan başqa heç nə buraxmayıb. Üstəlik, həmin "xəyali iddialar" erməni toplumunu müasir reallıqlardan uzaqlaşdırır və yeni fəlakətlərə sürükləyir. Mövcud reallıqlar isə erməni toplumunun gələcək taleyini müəyyən edə biləcək əsas faktordur. Əgər, bu faktora əhəmiyyət verilməzsə, erməni toplumu elə "mifik keçmiş"də ilişib, qala bilər. Və real gələcəkdən uzaq düşər.

Paşinyan hakimiyyəti Ermənistanı "mifik keçmiş"dən müasir reallıqlara daşımağın yolunu artıq tapmış kimi görünür. Hər halda, rəsmi İrəvan Ermənistan konstitusiyasını, gerbini və himnini dəyişməyin vacibliyi qənaətinə gəlib. Baş nazir Nikol Paşinyan və yaxın ətrafı erməni toplumuna bu dəyişikliyin Azərbaycanla sülh sazişinin imzalanması qarşısında əsas əngəllərdən biri olduğunu izah etməyə başlayıb. Və bu dəyişikliklər baş verməyəcəyi, sülh sazişi imzalanmayacağı təqdirdə, Ermənistanı mütləq yeni müharibənin gözlədiyini vurğulayır.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. İndi bunu yekun sülh sazişinin imzalanması ilə də hüquqi sənədlə təsdiqləmək məcburiyyətindədir. Ermənistan konstitusiyasında yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları isə buna əngəl törədir. Hər halda, rəsmi İrəvanın sülh sazişi imzalayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımasına paralel olaraq, Ermənistan konstitusiyasında və digər dövlət simvollarında qonşu ölkələrə qarşı ərazi iddialarının mövcudluğu kəskin hüquqi ziddiyyətlər yarada bilər. Və bu problem aradan qaldırılmadan yekun sülh sazişinin imzalanması elə bir ciddi önəm daşıya bilməz.

Maraqlıdır ki, Azərbaycan da Ermənistandan məhz bunu tələb edir. Rəsmi Bakı Azərbaycana Ermənistan konstitusiyasındakı ərazi iddiaları ləğv edilmədən yekun sülh sazişinin imzalanmasını mümkün hesab etmir. Azərbaycan Prezidenti İlham Əliyev də artıq bu barədə Paşinyan hakimiyyətinə açıq xəbərdarlıq mesajları ünvanlayıb. Və indi rəsmi İrəvan Azərbaycan ilə münasibətləri normallaşdırıb, blokadadan çıxmaq istəyirsə, Azərbaycanın həmin tələblərini yerinə yetirmək üçün mütləq tələsməlidir.

Onu da qeyd etmək lazımdır ki, bu mövzu Ermənistan cəmiyyətində kəskin siyasi-ictimai qarşıdurma yaradıb. Belə ki, radikal-revanşist siyasi dairələr, eləcə də, dini çevrələr Paşinyan hakimiyyətini erməni xalqının keçmişini məhv etməkdə, Ermənistanın maraqlarına xəyanətdə suçlayır. Qarabağ klanının liderlərindən olan keçmiş prezident və hərbi cinayətkar Robert Köçəryanın oğlu Kevin Köçəryan isə Paşinyan hakimiyyətini ümumiyyətlə, rəsmi Bakının siyasi direktivləri ilə hərəkət etməkdə suçlayıb: "Təəssüf ki, Ermənistanı de-fakto Bakıdan idarə edirlər".

730c3b300d2c617cf7066a2f45991610.jpg (230 KB)

Ancaq Paşinyan hakimiyyətinin təmsilçiləri radikal-revanşist erməni siyasi düşərgəyə fərqli arqumentlərlə cavab verməyə çalışırlar. Hakim partiyadan olan erməni deputat Vaaqn Aleksanyan "xəyallar"la irəli getmək cəhdlərinin heç də həmişə uğur gətirmədiyini vurğulayıb: "Ancaq bəzi "xəyallar"ın bizim heç vaxt suverenliyimizin olmaması üçün gündəmə gətirilməsi məyusluq doğurur. Bizim əsas hədəfimiz keçmişdə müəyyən olunmuş təhlükəli yolla irəliləmək əvəzinə müstəqil Ermənistanı qorumaq olmalıdır. Biz heç vaxt nail ola bilməyəcəyimiz hədəflərin arxasınca getsək, suverenliyimizi itirə bilərik. Anlamaq lazımdır ki, dünyada heç bir dövlət "Dağlıq Qarabağı" müstəqil Ermənistanın tərkib hissəsi kimi tanımayıb".

Bütün bunlar onu göstərir ki, Ermənistanın hakim siyasi dairələri Cənubi Qafqazda yaranmış yeni reallıqların əhəmiyyətini tədricən anlamağa başlayıblar. Ona görə də, Paşinyan hakimiyyəti istənilən halda, yekun sülh sazişinin yolunu "təmizləmək" məcburiyyətində qalmış kimi görünür. Çünki rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarının indi göstərdiyi dəstəyin həlledici məqamda effektiv ola biləcəyinə qətiyyən əmin deyil. Və bu baxımdan, yekun sülh sazişinin imzalanma ehtimalını ehtiyat variant kimi gündəmdə saxlamağa üstünlük verir.

Maraqlıdır ki, «Fitch Solutions» Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bu ilin ilk yarısında imzalana biləcəyini proqnozlaşdırır. Bu nüfuzlu beynəlxalq qurumun ehtimalına görə, yekun sülh sazişində Zəngəzur dəhlizi üzərində Azərbaycanın nəzarətini gücləndirəcək maddələrin yer ala biləcəyi də qətiyyən istisna deyil. «Fitch Solutions» hesab edir ki, rəsmi Bakı ötən ilin sentyabrında Qarabağda uğurlu antiterror əməliyyatı aparmaqla, Azərbaycanın regional təhlükəsizliyini yaxın və orta perspektiv üçün möhkəmləndirə bilib.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Belə anlaşılır ki, Azərbaycanın Cənubi Qafqazda mütləq geopolitik iradə sahibi olduğunu artıq nüfuzlu beynəlxalq analitik-təhlil mərkəzləri də birmənalı şəkildə qəbul edirlər. Rəsmi İrəvanın da Ermənistanın gələcək taleyini məhz bu inkaredilməz reallıq üzərindən müəyyən etməyə çalışması qaçılmaz xarakter daşıyır. Paşinyan hakimiyyəti nə qədər istəməsə də, regional hədəflərini və siyasətini yeni situasiyanın diqtə etdiyi şərtlərə uyğunlaşdırmaq məcburiyyətində qalıb.

Ona görə də, Paşinyan hakimiyyəti ən qısa zamanda yekun sülh sazişinə əngəl törətməyə çalışan radikal-revanşist erməni siyasi dairələrinin müqavimətini qırmaq barədə düşünməli olacaq. Çünki əks halda, Ermənistan öz mövcudluğunu qorumaq üçün ehtiyac duyduğu yekun sülh sazişi əvəzinə, onun suverenliyini riskə atacaq yeni savaş təhlükəsi ilə qarşılaşa bilər. Və bu önəmli, taleyüklü məsələnin həlli rəsmi İrəvan üçün Ermənistanın beynəlxalq himayədarlarının reallıqdan uzaq vədlərindən daha aktual xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

02.02.2024 19:38
4957