Dünya qlobal müharibə təhlükəsi ilə qarşı-qarşıya qalıb. Belə ki, Ukrayna savaşı ətrafında mövcud olan situasiya böyük sürətlə qlobal müharibəyə doğru inkişaf edir. Artıq belə bir savaşın baş verməsinə yol aça biləcək kifayət qədər ciddi səbəblərin mövcudluğu da açıq-aşkar müşahidə olunmaqdadır. Və bu baxımdan, Ukrayna savaşının sülh masası arxasında dayandırılmasına yönəlik imkanların tükənmək üzrə olduğu da inkaredilməz reallığa çevrilməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının törədilməsində ABŞ və Qərbin Rusiya ilə beynəlxalq hegemonluq rəqabətinin xüsusi rolu olmuşdu. Belə ki, Qərb siyasi dairələri Ukraynanın NATO-ya və Avropa Birliyinə üzvlüyü ətrafında siyasi manipulyasiyalar ilə qarşıdurmanı hərbi müstəviyə keçirtməyə nail olmuşdular. Üstəlik, NATO-nun öz sıralarına qəbul etməzdən əvvəl Ukrayna ərazisində hərbi bazalar yaratmaq planı qurması Rusiyaya savaş bəhanəsi vermiş oldu. Rusiya Ukraynaya hərbi müdaxilə edərkən, NATO-nun bu ölkədə yerləşdirmək niyyətində olduğu uzaqmənzilli raketlərin paytaxt Moskvanı və digər strateji iri şəhərləri hədəf ala biləcəyini səbəb-bəhanə kimi ön plana çəkmişdi.
Bu baxımdan, hazırda böyük infrastruktur dağıntılarına və ərazi itkilərinə məruz qalan Ukraynanın yalnız Rusiyanın aqressivliyinin deyil, həm də Qərb siyasi dairələrinin hərbi planlarının qurbanı olduğu qətiyyən şübhə doğurmur. Əslində, rəsmi Kiyev də çoxlu sayda insan itkiləri ilə üzləşmiş Ukraynanın ABŞ və Qərbin əvəzinə Rusiya ilə savaşmaq məcburiyyətində buraxıldığını vaxtaşırı etiraf edir. Və bununla da NATO ölkələrinin Ukrayna ordusuna dəstək verməyə borclu olduğunu qabardır.
Təbii ki, Ukrayna ordusunun son vaxtlar Rusiya qarşısında geri çəkilmək məcburiyyətində qalması ABŞ və Qərbi ciddi şəkildə narahat edir. Çünki belə davam edəcəyi təqdirdə, Ukraynanın yaxın vaxtlarda tamamilə məğlub olacağını artıq NATO rəhbərliyində də anlamağa başlayıblar. Halbuki, Qərbdə hesab edirlər ki, Ukraynanın Rusiyaya məğlub olmasına qətiyyən imkan vermək olmaz. Çünki bu halda, bir tərəfdən, Rusiya NATO-ya qalib gəlmiş ölkə statusu qazana və Kreml Qərbə öz geopolitik iradəsini diqtə etmək imkanlarına sahiblənə bilər. Və ABŞ və Qərbin beynəlxalq təsir gücü Rusiyanın geopolitik iradəsi ilə bloklanmış vəziyyətə düşər.
Digər tərəfdənsə, Ukraynanın hərbi məğlubiyyəti həm də Rusiyanın bu ölkənin ərazisinin əhəmiyyətli bir hissəsinə nəzarət etməsi anlamı da daşıyacaq. Hətta o da mümkündür ki, Ukrayna Avropa və Rusiya arasındakı “təhlükəsizlik zolağı” statusunu tamamilə itirə bilər. Bu haldasa, Rusiya birbaşa Avropa Birliyi sərhədlərinə birbaşa çıxış əldə etmiş olacaq. Və Qərbdə belə bir ehtimalı Avropa ölkələri üçün əsl fəlakət ssenarisi hesab edirlər.
Ona görə də, Qərb siyasi dairələri Ukrayna savaşının mümkün qədər uzadılmasının optimal yollarını axtarmağa başlayıblar. Qərb hərbi-siyasi dairələrindən sızan məlumatlara görə, Rusiyanın durdurulması üçün zaman qazanılmasına xüsusi ehtiyac var. Əks halda, Rusiyanın hərbi qələbəsinə hələ hazır olmayan Qərb siyasi dairələri Kremlin diqtə etdiyi şərtləri qəbul etmək məcburiyyətində qala bilər. Və bu, ən azından Avropa məkanında Rusiyanın hegemonluğunun qurulma ehtimalı deməkdir.
Maraqlıdır ki, hazırda Qərb siyasi dairələri mövcud situasiyadan yalnız bir çıxış yolu görürlər. Hesab edilir ki, Ukrayna savaşı tədricən Rusiya ərazisinə keçirilməlidir. Yalnız bu halda, Rusiya daxili xaosa düçar ola və Ukrayna üzərində hərbi qələbə şanslarını nisbətən itirə bilər. Qərb siyasi dairələrində hazırda müzakirə edilən əsas variant ondan ibarətdir ki, Ukrayna ordusu Rusiyanın dərinliklərinə zərbə endirmək imkanları qazanarsa, Rusiyanı müvəqqəti də olsa, dayandırmaq, nəticədə əlavə zaman qazanmaq şansı açıla bilər.
Ancaq buna nail olmaq üçün ABŞ və Qərb olduqca ciddi hərbi riskləri də nəzərə almaq məcburiyyətindədir. Çünki Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukrayna ordusu ən müasir NATO silahlarından istifadə etməlidir. Əgər, NATO ölkələri Ukraynaya belə bir icazə verərsə, bu, həmin dövlətlərin Rusiya ilə açıq savaşa başlaması anlamı daşıyacaq. Və nəticədə Rusiya NATO ölkələrinə zərbə endirmək üçün legitim hüquq qazanmış olacaq.
Göründüyü kimi, situasiya kifayət qədər qəlizdir. Ağ Ev ABŞ silahlarından Rusiyanın dərinliklərinə zərbə ehdirmək üçün Ukraynaya hələlik icazə verməyib. Ancaq bu məsələ Ağ Evdə ciddi müzakirə mövzusudur. Hətta bəzi məlumatlara görə, ABŞ yaxın vaxtlarda Ukraynaya belə bir razılıq verməyə meyllidir. Və bu, baş verərsə, ABŞ Ukrayna savaşında iştirak etmədiyini bəyan etmək hüququnu itirmiş olacaq.
Ancaq ABŞ-dan fərqli olaraq, bəzi Avropa ölkələri bu məsələ ilə bağlı prinsipial qərar verdiklərini qətiyyən gizlətmirlər. Belə ki, Böyük Britaniya, Latviya, Litva, Hollandiya, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Əgər, rəsmi Kiyev həqiqətən də bu icazədən istifadə edərsə, onda Kreml NATO-nun Rusiyaya qeyri-rəsmi savaş elan etdiyi qənaətinə gəlmiş olacaq və nəticədə Ukrayna savaşı indiki sərhədlərini aşaraq, daha geniş ərazilərə yayıla bilər.
Məsələ ondadır ki, Rusiya dərinliklərinə hərbi zərbələr Ukrayna savaşının əhatə dairəsinin genişlənməsi deməkdir. İlk növbədə Ukrayna savaşı Rusiya ərazisinə keçirilmiş olacaq. İntensiv hərbi zərbələr Rusiya cəmiyyətində ciddi xaos və xof yarada bilər. Üstəlik, Ukrayna ordusunun intensiv hərbi zərbələri Rusiya infrastrukturunun dağıdılması və yerli əhali arasında kütləvi itkilərlə müşayiət olunarsa, bu, Kremlin aqressiv cavab reaksiyasını qaçılmaz edəcək. Yəni, Rusiyanın bu halda, Ukraynaya icazə vermiş ölkələrə raket zərbələri endirəcəyi qətiyyən şübhə doğurmur. Bu isə o deməkdir ki, Ukrayna savaşı yalnız Rusiyanın daxilinə deyil, həm də Avropa məkanına da sıçraya bilər.
Təbii ki, hadisələrin belə inkişafı NATO üzvü olan Avropa ölkələri ilə Rusiya arasında birbaşa savaşın başlaması anlamı daşıyacaq. NATO Nizamnaməsinə görə isə bu qurum öz üzvlərini hərbi cəhətdən müdafiə etmək öhdəliyinə malikdir. Yəni, istənilən halda, Rusiya və NATO arasında qlobal savaş qaçılmaz olacaq. Dünya böyük bir fəlakət qarşısında qalacaq. Və sonrakı mərhələdə nüvə savaşına çevriləcəyi qətiyyən şübhə doğurmayan belə bir qlobal müharibədən kimin qalib çıxacağı olduqca şübhəli məsələdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu