Qərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏY

Qərb qüvvələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək.

Bunu “Report”a açıqlamasında “X” sosial şəbəkə platformasında Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etmələrinə dair faktlara münasibət bildirərkən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

O, COP29 yaxınlaşdıqca Britaniya mediasının boykot tərəfdarlarının bir növ tribunasına çevrilərək məsələ ətrafında getdikcə daha azğın tezisləri və fikirləri gündəmə çıxardıqlarını qeyd edib:

“Göy siyasət və iqtisadiyyat mənafelərini öndə tutan dövlətlərin Azərbaycan əleyhinə kampaniyalarının şahidi olduq. Azərbaycanı neft ölkəsi olduğuna görə, qınayan ölkələr yəqin elə sanırlar ki, neft təkcə Azərbaycanda çıxarılır. Onlar deyəsən BP (British Petroleum), “Chevron” və digər nəhəng kompaniyaların varlığından xəbərsizdirlər. Bu təbii resurs niyə təkcə bizim günahımıza çevrilir? Belə bir qanun da yoxdur ki, neft istehsalı ilə məşğul olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tədbir keçirilməsin”.

Komitə sədri Azərbaycanı neft ölkəsi olduğuna görə qınayan dövlətlərin neft idxalında heç də zəif olmadıqlarını bildirib:

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni həmin dövlətlərin rəhbərləri dəfələrlə bəyan edərək ölkəmizə və rəhbərliyinə təşəkkürlərini bildiriblər. 100 milyon tonla neft çıxaran, Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istifadə edən ölkələr Azərbaycanı hansı əsasla qınaya bilər? ABŞ-nin son bir ildə gündəlik çıxardığı neft hasilatı 12,9 milyon barel olaraq pik nöqtəyə çatıb. Bu dünya üçün kifayət qədər böyük rəqəmdir. Britaniyada da vəziyyət fərqli deyil. Britaniyada 61 milyon tondan artıq neft və onun məhsulları istehlak olunur. Bu rəqəm bizim bir ildə çıxardığımız neftdən qat-qat artıqdır. Bu faktlara əsasən qərb qüvvələri anlamalıdırlar ki, neft resursu təkcə Azərbaycanda deyil”.

Z.Oruc bütün bunlara baxmayaraq Azərbaycanın COP29 konfransını yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb:

“Bizi təbii sərvətlərimizə görə heç kim təqsirləndirə bilməz. Prezident İlham Əliyev alternativ enerji sahəsinə keçid üçün dövlət kursu bəyan edib. Ölkə olaraq iqlimə yetərincə töhfə vermişik, verəcəyik. COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan məlumatlar yayanlar uğursuzluqla nəticələnəcəklər”.

O, 278 illik neftin istismarı digər enerji növlərinə keçidi təmin etmək üçün olsa da buna töhfə vermək, yüksək texnologiyalı avadanlıq və qurğuları, günəş panellərini Azərbaycana və o cümlədən digər ölkələrə aşağı qiymətlə sataraq bu prosesi digər dövlətlər arasında yaymağa təşviq əvəzinə beynəlxalq, möhtəkir sistemli kompaniyaların təşkil edilməsinə təəssüfləndiyini deyib.

Xatırladaq ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 1-də birgə məlumat yayıb. Məlumatda bildirilib ki, “X”də Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Bildirilib ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

02.11.2024 15:54
280