FTX direktoru açıqlayıb ki, Qərb xüsusi xidmət orqanları Şimali Qafqazda sabitliyi poza bilər, ölkə içində ən həssas ocağın alovlandırılması istisna deyil - ekspertlərin rəyi
Dünyanın qarışdığı bir vaxtda son dövrlər Şimali Qafqazla da bağlı həyəcanlı xəbərlər eşidilir. “Qərb xüsusi xidmət orqanları Şimali Qafqazda sabitliyi pozmağa çalışır”, - deyə Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov oktyabrın 10-da keçirilən iclasda bildirib.
FTX rəhbərinin sözlərinə görə, xüsusi hərbi əməliyyat çərçivəsində Şimali Qafqaz regionu ərazisində təhdidlərin artması müşahidə olunur. Bortnikov görünür ki, səhih kəşfiyyat məlumatlarına malikdir. FTX rəhbəri bu fikirləri havadan söyləməz. Onu da nəzərdən qaçırmayaq ki, Şimali Qafqaz həssas bölgədir. Hətta buranı közərməkdə olan bir ocaq adlandırmaq mümkündür. Necə ki, Yaxın Şərq hər zaman potensial və partlamağa meyilli konflikt bölgəsidir, Qafqaz da bu sarıdan fərqlənmir. Unutmaq olmaz ki, Qafqazın şimalında müxtəlif qruplaşmalar, dini ekstremist şəbəkələr mövcuddur. Onların bir qismi Suriya döyüşlərində də iştirak ediblər. Özəlliklə Çeçenistan Rusiya üçün “Axilles dabanı”dır. Buranın hər an qarışması riski yüksəkdir. Təsadüfi deyil ki, Kreml rəhbəri bir neçə ay qabaq məhz Dərbəndə səfər etmiş, regionun həssaslığını nəzərə alaraq Qafqaza gəlmişdi, üstəlik, Putin Quranı öpərək oradakı müsəlman əhalisinin də könlünü almışdı.
İndi isə FTX direktoru anons edir ki, Qərb xüsusi xidmət orqanları Şimali Qafqazda sabitliyi pozmağa çalışır. Rusiya üçün daxildə bir cəbhənin açılması təhlükəsi həmişə var. Ukrayna cəbhəsində çoxlu qan itirən, son aylarda Moskva başda olmaqla, bir sıra şəhərləri PUA hücumlarına məruz qalan Rusiyanın içində ən qaynar ocağın - Şimali Qafqazın alovlandırılması istisna deyil. Qərb bununla Rusiyanın başının artıq Ukrayna deyil, öz daxili kataklizmlərinə qarışacağını hesablamış ola bilər. Hərçənd bəzi analitiklər də bu qənaətdədir ki, Rusiya, İran və Çin də HƏMAS-ın İsrailə hücumuna nail olmaqla Ukrayna böhranını sönmüş ocağa çevirərək, Qərbin diqqətini Yaxın Şərqə yönəldə biliblər. Yəni Putin və müttəfiqləri ikinci cəbhəni məhz Qəzza zolağında açdılar. Lakin Rusiya adekvat cavabla Qafqazda qarşılaşa bilər.
Bəs söhbət konkret hansı təhdidlərdən gedir? Şimali Qafqazda hansı respublikanın, muxtariyyətin üzərindən hərəkətlənmə baş verə bilər? Hələ Ukrayna müharibəsinin əvvəlində belə fikirlər səslənirdi ki, Qərb Rusiyanın parçalanması üçün müxtəlif respublikaları ayaqlandıra bilər. Bu ssenari işə düşürmü? Onsuz da Cənubi Qafqazda Ermənistan üzərindən təsirlərini gücləndirməyə çalışan Qərbin bir də Şimali Qafqazda - Rusiyanın daxilində parçalanma yarada bilməsi nə dərəcədə mümkündür?
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb deyəndə ağıla Birləşmiş Ştatlar və Avropa Birliyi gəlir: “Hər iki tərəf Rusiyanı dünya siyasi arenasından təcrid etməyə çalışır. Ukrayna münaqişəsi də bu səbəbdən başladı. O baxımdan Rusiya sərhədlərində, onun daxilində, eləcə də Gürcüstanda qaynar ocaqlar yaratmaqla daha da izolyasiya etmək niyyəti güdülür. Qərbin strateji planının tərkib hissəsi Qafqazı qarışdırmaqdır. Rusiyanı daxildə parçalamaq, millətlərarası qarşıdurmalar yaratmaqla bu ssenarini həyata keçirmək istəyirlər. 1990-larda Çeçenistan üzərindən bu hadisələr bir dəfə olub, Rusiya üçün ağır dövr idi. Ona görə Qərb bu addımlarını atmaqdadır. Amma Rusiyanın da kontur planları var və xarici kəşfiyyat adekvat tədbirlər görür”. Siyasi icmalçı Fuad Əliyev hesab edir ki, Rusiyada güclü dövlət idarəçiliyi və nəzarəti var. Onun fikrincə, Qafqazı “barıt çəlləyi”ni çevirmək heç də regiona xeyir gətirməyəcək: “Məncə, qonşu dövlətlər də bu məsələyə qarşı olmalıdırlar. Xüsusən də Azərbaycan Rusiya əleyhinə bir iş aparılırsa, buna etirazını bildirə bilər. Çünki Qafqazda gərginlik ocağı, yaxud qarşıdurmaların yaranması bütün bölgəyə təsir edəcək. Hər halda, Rusiya xüsusi xidmət orqanlarında bu informasiyalar mövcuddursa, ona qarşı atılacaq addımlar da var. Hər halda, Qərb Rusiyaya qarşı bir neçə cəbhə açmaq niyyətində görünür. Məqsəd onu illərlə yormaq, potensialını aşağı salmaq, Çinə qarşı başlayacaq mübarizədə müqavimət gücünü azaltmaqdır. Bu strateji rəqabətin getdikcə güclənməsi əlamətləri hiss olunur”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”