Qərb Vladimir Putini legitim prezident kimi tanımaqdan imtina edə bilər. Belə bir ssenarinin reallığı ilk dəfə Avropa Parlamentində elan edilib. Qanunverici orqan Aleksey Navalnının qətlinə görə dövlət başçısının məsuliyyət daşıması barədə qərar qəbul edib. Bu şəraitdə Putinin “qanuniliyi məsələsini gündəmə gətirmək üçün əsaslar var” deyə, sənəddə deyilir. Qətnamədə Rusiyada gələcək seçkilərlə bağlı bir neçə bənd var. Məsələn, Avropa Parlamenti müharibə əleyhdarı namizədlərin seçkilərdə iştirakdan məhrum edildiyini iddia edir.
Kreml əvvəllər dəfələrlə Avropada qəbul edilən qərarlara əhəmiyyət vermədiyini bəyan etsə də, Aİ-nin bəzi siyasətçiləri seçkilərin tanınmamasının hələ də Rusiya Federasiyasındakı vəziyyətə təsir edəcəyini gözləyirlər.
“Belə seçkilərin tanınmaması təkcə Rusiya üçün deyil, bütün Avropa qitəsi üçün vacibdir. Çünki bu addım Rusiyanın demokratiya yoluna qayıtmasına imkan verəcək transformasiya və dəyişikliklərə kömək edə bilər”.Avropa Parlamentinin Rusiya üzrə xüsusi məruzəçisi Kubilius belə düşünür. Avropa Şurası Parlament Assambleyası da bir müddət əvvəl Putinin legitimliyi ilə bağlı müvafiq qətnamə qəbul edib. Ekspertlərin fikirincə, bu sənədlər Rusiyadakı vəziyyətə birbaşa təsir göstərmir, lakin Kremli qıcıqlandırır.
Hüquqşünas Putin üçün beynəlxalq strukturların və qurumların onu Rusiyanın qanuni yolla seçilmiş prezidenti hesab etməyəcəkləri ağrılı ola bilər. Moskvanın bu cür addımlara necə reaksiya verəcəyi hələ də bəlli deyil, Kreml son qətnaməni şərh etməyib.
Qeyd edək ki, martın 15-17 aralığında keçiriləcək prezident seçkisində dörd iştirakçıdan üçü partiya üzvüdür: Leonid Slutski liberal demokratları, Nikolay Xaritonov Kommunist Partiyasını, Vladislav Davankov isə “Yeni adamlar” partiyasını təmsil edir. Rusiyanın hazırkı prezidenti Vladimir Putin özünün namizədliyini irəli sürüb və heç bir partiyanın üzvü deyil.
Əvvəllər prezident seçkilərində cəmi iki namizəd iştirak edirdi. Vladimir Putin dörd dəfə (2000, 2004, 2012, 2018), Nikolay Xaritonov isə bir dəfə seçkidə iştirak edib. Xaritonov 2004-cü ildə ikinci yeri tutaraq, 13,69 faiz səs toplayıb. Namizədlər Leonid Slutski və Vladislav Davankov əvvəllər prezident seçkilərində iştirak etməyiblər.
Prezidentlik yarışının ən gənc iştirakçısı martda 40 yaşı olacaq Vladislav Davankovdur. Ən yaşlı namizəd 75 yaşı olan Nikolay Xaritonovdur, Leonid Slutskinin 56 yaşı var. Vladimir Putinin 2023-cü ilin oktyabrında 71 yaşı tamam olub.
Orxan ƏLİYEV,
Musavat.com