Rusiya və Ermənistan arasında mövcud olan siyasi gərginlik hansı nəticələrə yol aça bilər? Hazırda həm Rusiyada, həm də Ermənistanda bu sual əsas müzakirə mövzusudur. Rusiya siyasi dairələri rəsmi İrəvanın davranışlarının Ermənistan dövlətçiliyinin ləğvi ilə nəticələnə biləcəyini artıq açıq mətnlə gündəmə gətirməyə başlayıblar. Və bu, Ermənistanın birbaşa təhdid olunması anlamına gəlir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Rusiyaya arxadan zərbələri intensivləşdirdikcə, Kremlin xəbərdarlıq mesajları da sərtləşdirilir. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ermənistan ya Rusiya, ya da Qərblə olduğuna qəti qərar verməlidir, biz də addımlarınızı ona görə atacağıq" deməklə, Kremlin səbrinin tükənmək üzrə olduğuna işarə vurub. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova isə rəsmi İrəvana ABŞ və Qərbin yalan vədlərinə aldanıb, yanlış addımlar atmamağı məsləhət görüb. O, rəsmi İrəvanın yanlış davranışlarının mümkün nəticələri ilə bağlı Ukraynanın başına gətirilənləri örnək göstərib.
Təbii ki, bütün bunlar açıq təhdid anlamı daşıyır. Yəni, Rusiya Ermənistanla bağlı radikal addımlar ata biləcəyini qətiyyən gizlətmir. Halbuki, indiki situasiyada Kremlin Ukrayna savaşı ucbatından rəsmi İrəvana qarşı çevik manevrlər etmək imkanları da məhdud xarakter daşıyır. Və Qərbin "təhlükəsizlik çətiri" altına yerləşməyə can atan rəsmi İrəvan da deyəsən, hələlik məhz buna ümid bəsləyir.
Əks halda, ABŞ və Qərbin hələlik Ermənistana real təhlükəsizlik təminatı vermədiyini etiraf edən Paşinyan hakimiyyəti Rusiyaya qarşı demarşlarını davam etdirməyə cəsarət göstərməzdi. Hər halda, rəsmi İrəvan Rusiya sərhədçilərinin Ermənistanın "Zvartnots" aeroportundan çıxarılması ilə bağlı yazılı tələbi Kremlə artıq göndərib. Və bu, Rusiya ilə geriyə dönüşü olmayacaq bir qarşıdurmaya qərar verilməsi anlamı daşıyır.
Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bu addımı İrəvan aeroportunda erməni sərhədçilərin xidmət keçməli olması ilə əsaslandırmağa çalışıb. Üstəlik, onu da bildirib ki, Ermənistanın bunun üçün bütün imkanları mövcuddur. Xarici işlər naziri Ararat Mirzoyan da təxminən oxşar mövqedən çıxış edib. Erməni nazir vurğulayıb ki, rəsmi İrəvan Avropa Birliyi ilə sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub, müxtəlif sahələr üzrə bu dialoq daha da dərinləşdirilir.
Ardınca isə erməni nazir bildirib ki, Avropa Birliyi ilə yaxın münasibətlər Rusiya sərhədçilərinin İrəvan aeroportunda xidmət keçməsinə ehtiyacı aradan qaldırıb. Onun fikrincə, İrəvan aeroportunda bundan sonra məhz erməni sərhədçilər fəaliyyət göstərməlidirlər: "Ermənistanın İrəvan aeroportunda rus sərhədçilərin fəaliyyətinə artıq ehtiyacı yoxdur. Ermənistan bu hava limanında öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanındadır".
Göründüyü kimi, kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxmağa başlayıb. Düzdür, hər hansı bir ölkənin hava limanlarında və sərhədlərində öz hərbi kontingentinin fəaliyyət göstərməsinə üstünlük verməsi tamamilə normal haldır. Ancaq rəsmi İrəvanın bu barədə verdiyi qərarın arxasında müəmmalı məqamların olduğu qətiyyən şübhə doğurmur. Və rəsmi İrəvanın ziddiyyətli açıqlamalarında bu "qaranlıq oyunlar" açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, Rusiya sərhədçiləri yalnız İrəvan aeroportunda deyil, Ermənistanın Türkiyə və İranla olan sərhədlərində də xidmət keçirlər. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan rus sərhədçilərin yalnız İrəvan aeroportundan çıxarılmasını tələb edir. Halbuki, rəsmi İrəvan bu tələbi əsaslandırmaq üçün onu da vurğulayır ki, guya Ermənistan öz sərhədlərini qorumaq imkanlarına malikdir. Ona görə də, Ermənistanın rus sərhədçilərin xidmətinə ehtiyacı yoxdur.
Təbii ki, rəsmi İrəvanın bu ziddiyyətli mövqeyi bəzi haqlı sualları da ortaya çıxarır. Məsələn, Paşinyan hakimiyyəti onu da izah etməlidir ki, niyə yalnız İrəvan aeroportunda xidmət göstərən rus sərhədçilərin çıxarılmasını tələb edir? Əgər, Ermənistan öz sərhədlərini qorumaq imkanlarına malikdirsə, onda Ermənistanın Türkiyə və İranla sərhədlərində xidmət keçən rus hərbçilərin çıxarılmasını da tələb etsə, daha məntiqli olmazmı? Əgər, Ermənistan həqiqətən müstəqil dövlətdirsə, niyə onun bütün sərhədlərini məhz erməni sərhədçilər qorumur?
Ancaq rəsmi İrəvan hələlik belə suallara cavab verməyə qətiyyən həvəsli deyil. Əksinə, bu ziddiyyətli məqamların üzərindən sükutla keçməyə üstünlük verir. Çünki bu məqamlara rəsmən aydınlıq gətirilərsə, Paşinyan hakimiyyəti ilə yanaşı, ABŞ, Avropa Birliyi və Fransanın Ermənistan üzərindən qurduğu məkrli oyunlar da ifşa edilmiş olar. Halbuki, nə qədər ört-basdır edilsə də, bu məkrli oyunlar barədə artıq müəyyən məlumatlar mövcuddur.
Məsələ ondadır ki, Ermənistanın Hindistandan muzdlu silahlılar gətirdiyi rəsmi Dehli tərəfindən artıq etiraf edilib. Belə ki, yüzlərlə Hindistan vətəndaşı ilə hərbi müqavilələr bağlanılaraq, onların Ermənistana aparıldığı bildirilir. Eyni zamanda, Suriya və İraqdan da Ermənistana terrorçuların daşındığı barədə məlumatlar mövcuddur. Bütün bu muzdlu silahlı terrorçuların isə Azərbaycanla sərhəd bölgələrində yerləşdirildiyi hətta Ermənistan mətbuatı tərəfindən də etiraf edilir.
Belə anlaşılır ki, rəsmi İrəvan Fransanın təlimatları ilə yeni müharibəyə hazırlaşır. Ancaq Paşinyan hakimiyyəti Ermənistan ordusunun döyüş hazırlığı səviyyəsinə qətiyyən güvənmir, üstəlik, ermənilərin savaşdan qorxduğunu da nəzərə alır. Ona görə də, müxtəlif ölkələrdən muzdlu silahlı terrorçuları Ermənistana toplayır. Və bu prosesin rus sərhədçilərin nəzarəti altında davam etməsi, yəqin ki, rəsmi İrəvana artıq müəyyən problemlər yaratmağa başlayıb.
Digər tərəfdən, Avropa Birliyinin "mülki kəşfiyyat-müşahidə missiyası"nın Ermənistanda fəaliyyətə başlamasından sonra Rusiya sərhədçilərinin İrəvan aeroportunda fəaliyyəti kifayət qədər ciddi problemlər yaratmağa başlayıb. Xüsusilə də, son vaxtlar fransız və alman kəşfiyyatçıların Ermənistanda sayının artırılması rus sərhədçiləri arzuolunmaz hərbi kontingentə çevirməyə başlayıb. Çünki Kreml rus sərhədçilərin İrəvan aeroportunda fəaliyyəti sayəsində Ermənistana axışan Qərb kəşfiyyatçıların sayı və kimlikləri barədə məlumatlar əldə edə bilirlər.
Təbii ki, bütün bunlar həm Paşinyan hakimiyyətinin, həm də Qərb siyasi dairələrinin maraqlarına cavab vermir. Çünki Rusiyaya qarşı fəaliyyət göstərməli olan Qərb kəşfiyyatçıları barədə məlumatların, onların hərəkətlərinin məxfi qalması vacibdir. Ona görə də, Qərb Paşinyan hakimiyyətindən rus sərhədçilərin İrəvan aeroportundan dərhal çıxarılmasını tələb edib. Rəsmi İrəvan da Ermənistan sərhədlərini etibar etdiyi rus sərhədçilərin hava limanından çıxarılması prosesinə start verib. Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi isə hələlik məlum olmasa da, maraqlıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu