"Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi".
Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.
"Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar", - Prezident deyib.