“90-cı illərdə Qərb SSRİ-nin dağıdılmasından, etnik münaqişələrdən faydalanarkən ölkəmiz əleyhinə total “dezinformasiya terroru”nu həyata keçirməkdə idi. O zaman hadisələr o miqyasa gəlib çatmışdı ki, Azərbaycanı İslam fundamentalizmi, ermənilərin varlığını təhdid etməklə ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul edildi. Ondan öncə isə Qorbaçov 20 Yanvar terrorunu törədərkən o zaman ABŞ prezidenti və Qərb liderləri onu müdafiə etmişdilər. Əksəriyyət tanklar altında həyatını itirən insanların hüquqlarını, haqlarını, demokratik dəyərləri deyil, Qorbaçovu üstün tutmuşdular. Onlar yaxşı başa düşürdülər ki, SSRİ-nin ən zəif nöqtəsi onun başıdır. Eyni ssenari davam edir. Aylardır Qərb mediası tərəfindən Azərbaycana qarşı qaralama kampaniyası aparılır. Hadisələr ümumiləşdirilir, parlamentə çıxarılır, qərarlar verilir, gündəmdə saxlanılır. Regional geo-siyasət qurucuları prosesə intensivlik qazandırmaq üçün bəhanə, bölgəni idarə etmək üçün yollar axtarırlar. 30 min erməninin məhv edilməsi Azərbaycana heç nə qazandırmır. Əksinə, bu, Vətən müharibəsinin nəticələrinə, xarici siyasətimizə zidd olar. Cəmi 3 gün öncə mülki erməni açıqlama verdi ki, separatçılar Xankəndidən getmək istəyən şəxslərdən 5 min dollara yaxın vəsait istəyirlər. Bu halda kim blokadada girovlar saxlayır? Bu, həmin qüvvələrdir. Sadə erməni xalqı Arutyunyanları və başqalarını müdafiə etmir, çünki başa düşür ki, bundan əziyyət çəkən özü olacaq”.
Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, Qərbdə Azərbaycan əleyhinə aparılan proses sübut edir ki, həmin dövlətlər separatizmi stimullaşdırırlar və bu, onların geosiyasi maraqlarının tərkib hissəsidir:
“Xatırlatmaq istərdim ki, Qərb dövlətləri antiterror tədbirlərində deyil, məhz əməliyyatlarında fəal iştirak ediblər. 11 sentyabrda törədilən terror aktından sonra 150 minlik qoşun Əfqanıstana yeridildi, 50 dövlətdən ibarət koalisiya yaradıldı. Azərbaycan müxtəlif vasitələrlə xəbərdarlıq edib. Proses dayandıqda danışıqlar aparılacaq, qanunsuz silahlı qüvvələr bölgədən çıxacaq. Nəticədə hər kəs görəcək ki, Qarabağda hüquqa və təhlükəsizliyə ən böyük zərbəni o qüvvələr vurur. Sülh prosesinə ən böyük maneə Xankəndidəki hərbi qüvvələrdir, yoxsa Paşinyan sülh müqaviləsinə çoxdan imza atardı. Bəlkə də həmin qüvvələr Paşinyanın özünə sona qədər tabe olmurdular. Bütün ölkələrin antiterror əməliyyatı keçirərkən ideologiyası eyni olub. Necə olur onlar 1000 kilometr uzaqda təhlükəsizlik məkanı axtarırlar, amma biz 300 kilometr periferiyası olan coğrafiyamızda bu tədbirləri keçirməməliyik? Biz Kosovo, İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edirdik, Azərbaycan hava məkanını açmışdı. Qafqaz strateji yüksəklikdir, bunu İranın, Türkiyənin, Rusiyanın əleyhinə çevirmək lazımdır. Azərbaycanı mediada, informasiya vasitələrində, diplomatiyada ləkələməlidirlər ki, bu siyasəti apara bilsinlər. Odur ki, insan haqları mövzusu Qərbin xarici siyasətinin təzyiq alətidir. Azərbaycanın daxili məsələlərinə müdaxilə neft-qaz müqavilələrində əlavə pay qazanmaq üçün lazımdır. Eyni zamanda qlobal dünyanın bölgüsü gedir. Hər kəs başa düşür ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada yeni formasiyalar meydana gələcək. Qərb mərkəzli dünyadan çoxqütblü dünyaya gedirik”.
Nigar HƏSƏNLİ,
Musavat.com