“Qərb Ermənistan və Rusiya arasında müxtəlif iş birliyi barədə çox yaxşı xəbərdardır” - politoloq

“Ermənistanın ikiüzlü siyasət həyata keçirməsi hər kəsə bəllidir. Ermənistan hakimiyyəti Avropa İttifaqının missiyası adı altında Fransanın casus şəbəkəsini öz ölkəsinin ərazisinə buraxsa da, İrəvan hələ də Rusiyanın təsir dairəsindən uzaqlaşmayıb”.

Politoloq Tural İsmayılov: "Tək bir səfərlə Azərbaycan-İran münasibətlərini  bərpa etmək qeyri-mümkündür" Sitat.info

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında bildirdi. Ekspert Vaşinqtonun Qafqaza marağından da bəhs etdi: “ABŞ-ın beyin mərkəzləri və siyasi institutlarının hesabatlarında qeyd olunur ki, Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan məharətlə istifadə edir. Qərb Ermənistan və Rusiya arasında hər sahədə olan təmasları diqqətlə izləyir. Vaşinqton Ermənistanın Qərbdən idxal etdiyi İKT məhsullarını gizli yollarla Rusiyaya ixrac etməsini xoş qarşılamayacaq. Hesab edirəm ki, Qərb mediasında bu məlumatlar boşuna dövriyyəyə buraxılmayıb. Qərbin media şəbəkələri və institutları bu məsələni işıqlandırmaqla ABŞ və Avropanın Ermənistan üzərində daima nəzarətinin olduğunu görsədir”. T.İsmayılov qeyd etdi ki, bu gün Qərb Ermənistan və Rusiya arasında müxtəlif iş birliyi barədə çox yaxşı xəbərdardır: “Bu kimi addımlar atmaqla Ermənistan heç bir hədəf güdmür. Ona görə ki, Ermənistanın özü normal müstəqil dövlət deyil. Rusiya və müxtəlif siyasi güc mərkəzləri Ermənistandan maşa kimi istifadə edirlər. Müstəqil siyasi idarəetməyə malik olmayan ölkədən ciddi və rasional qərarlar gözləmək qeyri-mümkündür. Vəziyyətin belə olmasında Ermənistanın ikiyüzlü siyasətinə göz yuman ABŞ və Avropa ölkələrinin rəsmiləri, eləcə də erməni lobbisinin təsiri altında olan ABŞ konqresmenləridir.

Azərbaycan əleyhinə çirkab kampaniyasının arxasında daim ABŞ ilə bağlı qüvvələr dayanıb. Məhz ABŞ Senatının qanunsuzluqlarının fonunda təkcə Cənubi Qafqaz regionu yox, dünyanın bir çox coğrafiyalarında əskikliklər və ədalətsizliklər ön plana çıxıb. Ermənistanın siyasi rəhbərliyi Rusiyadan asılı olduğu, Rusiyaya müxtəlif siyasi gedişlər etdiyi halda arxada hələ də Qərb imperializminin, Qərbin müəyyən siyasi insitutlarının və beyin mərkəzlərinin siyasi direktivlərini yerinə yetirməyə cəhd edir. Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, yeni müdafiə naziri Suren Papikyan və bütün Nikol Paşinyan komandasında təmsil olunanlar rusiyafob yönümlü və Rusiyaya nifrət edən siyasətçilərdir. ABŞ isə bu məqamdan maksimum yararlanmağa çalışır”.

ELŞAD,
Musavat.com

15.07.2024 20:50
591