Qərb də, Rusiya da Paşinyanın "qələm"ini qırıb: Yeni erməni lider də məlumdur

Baş nazir Nikol Paşinyan üçün yolun sonu artıq görünməyə başlayıb, yekun sülh sazişinə imza atdıqdan sonra onun ABŞ və Qərb qarşısında siyasi missiyası tamamlanacaq... Bunu etdikdən sonra erməni baş nazir öz ailəsi ilə Qərb ölkələrinin birində verilən təhlükəsizlik təminatı altında həyatını davam etdirmək şansı qazanacaq...

Cənubi Qafqazda sülh prosesi ətrafında qarşıdurma maksimum həddə çatıb. Dünya nəhəngləri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı kəskin ziddiyyətlər içərisindədirlər. Bir tərəf Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına, digər tərəf isə buna əngəl olmağa çalışır. Və bu, sülh prosesini ətrafında yaranmış situasiyanın daha da qəlizləşməsinə yol açır.

ABŞ və Qərb Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Ona görə də, Ermənistana müxtəlif istiqamətlərdən təzyiqlər göstərilir və müəyyən vədlər verilir. Rusiya və Fransa isə hazırda yekun sülh sazişinin qarşısında əsas əngəlləyici faktor rolunu oynayır. Belə vəziyyətdə Paşinyan hakimiyyəti çarpaz zərbələrin hədəfinə çevrilmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan cəmiyyətində indi Paşinyan hakimiyyətinin gələcək taleyi ciddi şəkildə müzakirə olunmağa başlayıb. Çünki rəsmi İrəvan nə ABŞ və Qərbin, nə də Rusiyanın gözləntilərini tam qarşılaya bilmir. Əsas səbəb isə regional sülh prosesi ilə bağlı qarşıdurma mühitində tam təhlükəsiz təminatı ala bilməməsindən qaynaqlanır.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB) 

Məsələ ondadır ki, ABŞ və Qərb Paşinyan hakimiyyətindən ən qısa zamanda yekun sülh sazişinin imzalanmasını tələb edir. Əvəzində baş nazir Nikol Paşinyana və onun ailəsinə təhlükəsizlik təminatı vəd edir. Yəni, ABŞ və Qərb erməni baş nazirə "qorxma biz səni və ailəni qoruyarıq" mesajı verir. Rəsmi İrəvan Rusiya və KTMT-dan uzaqlaşmaq təlimatını yerinə yetirə bilmədiyindən təhlükəsizlik təminatı Ermənistana aid olunmur.

Ancaq Rusiya isə Ermənistana qarşı bunun əksinə yönəlik təzyiqlərlə diqqəti çəkir. Kreml rəsmi İrəvandan sülh prosesini pozmağı tələb edir. Buna paralel olaraq, regional qarşıdurmada Ermənistana əlavə təhlükəsizlik təminatı verir. Halbuki, bu təminatı heç bir halda, Paşinyan hakimiyyətinə aid etməyə həvəs göstərmir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti hazırda çıxılmaz vəziyyətə düşüb. Həm ABŞ və Qərbin, həm də Rusiyanın bir-birinə zidd tələbləri yerinə yetiriləcəyi təqdirdə, əks tərəfin amansız zərbələrinə məruz qalacaq. Son nəticədə isə Ermənistanda hakimiyyətin dəyişməsi qaçılmaz olacaq. Və bu, baş nazir Nikol Paşinyan üçün birbaşa təhdid deməkdir.

Belə anlaşılır ki, ABŞ və Qərbi baş nazir Nikol Paşinyanın siyasi taleyi qətiyyən maraqlandırmır. Onu Ermənistanda hakimiyyətə gətirən beynəlxalq güc ABŞ və Qərbin strateji hədəfi olan Cənubi Qafqazda sülh prosesinin uğuru barədə düşünür. Baş nazir Nikol Paşinyanın əsas missiyası məhz yekun sülh sazişinin imzalanması ilə sona çatmış olacaq. Bundan sonra ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb, çıxartmaq şansı qazanacaq. Erməni baş nazirin və ailəsinin isə Ermənistandan kənarda təhlükəsiz həyatı təmin ediləcək.

88deec23e572911d3d2c12bf0079efbd.jpg (149 KB) 

Rusiya isə bunun tam əksinə, Paşinyan hakimiyyətinin tam şəkildə dəyişdirilməsinə çalışır. Ermənistanda Kremlə bağlı siyasi qüvvələrin yenidən hakimiyyətə qaytarılmasına cəhd göstərir. Yalnız bu halda, Kreml yekun sülh sazişinin imzalanmayacağına və Rusiyanın regionda öz mövqelərini qoruya biləcəyinə arxayın ola bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti Rusiyaya da qətiyyən lazım deyil.

Buradan belə nəticə çıxartmaq olar ki, əslində, həm ABŞ və Qərb, həm də Rusiya baş nazir Nikol Paşinyanın "qələm"ini qırıb. İstənilən halda, erməni baş nazir uzun müddət hakimiyyətdə qalmaq şansına sahib deyil. Və bu baxımdan, indi hər şeydən əvvəl özü barədə düşünmək məcburiyyətində qalıb.

Ona görə də, baş nazir Nikol Paşinyan hazırda iki önəmli variantdan birini seçmək məcburiyyətindədir. Yəni, erməni baş nazirin qarşısında Ermənistanın və özünün şəxsi maraqları arasında seçim variantları durur. Və onun hələlik həm özünü, həm də ailənini xilas etmək barədə düşündüyü barədə müxtəlif məlumatlar yayılmaqdadır.

Son məlumatlara görə, erməni baş nazir hökumət üzvləri və hakim partiyanın deputatları ilə qapalı toplantı keçirib. Həmin toplantıda Brüssel görüşünün nəticələri detallı şəkildə müzakirə olunub. İddialara görə, baş nazir Nikol Paşinyan Rusiyanın sülh prosesinə yönəlik mövqeyinə toxunmadan Brüssel görüşündə əldə olunan nəticələrin böyük əhəmiyyətindən danışıb. Və bununla da şəxsi təhlükəsizliyinə verilən təminatlara daha çox önəm verdiyini sezdirib.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB) 

Ermənistan mətbuatına Qərb diplomatik mənbələrindən sızan məlumatlarda isə baş nazir Nikol Paşinyanın əvəzinə yeni siyasi lider axtarışlarının artıq başlandığı iddia olunur. İndi ABŞ və Qərb üçün Cənubi Qafqazda sülh prosesi ilə yanaşı, erməni baş nazirin əvəzlənməsi əsas vəzifəyə çevrilib. Və bunun olduqca ciddi səbəbləri də mövcuddur.

Ermənistanda nəşr olunan "Past" qəzeti iddia edir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlı olan Qərb siyasi dairələri bütün variantları hesablayırlar. Onlar əmindirlər ki, sənədin imzalanmasından sonra baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması demək olar, mümkün olmayacaq. Onun özü də, ailəsi də, elə hakimiyyəti də daim təhdid altında qalacaq. Ona görə də, indidən onu əvəzləyəcək Qərbin yeni namizədi üzərində düşünməyə başlayıblar.

Bəzi məlumatlara görə, ABŞ və Qərb artıq bir neçə mümkün namizədlə bağlı müzakirələr aparılır. Onların sırasında Paşinyan hakimiyyətinin təmsilçiləri də olmamış deyil. Rusiya əleyhdarı kimi tanınan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əsas namizədlərdən biri sayılır. Eyni zamanda, ABŞ və Qərbin hələlik siyasi səhnəyə çıxartmadan arxa planda saxladığı namizədin də olduğu bildirilir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan üçün yolun sonu artıq görünməyə başlayıb. ABŞ və Qərb üçün indi erməni baş nazirin yekun sülh sazişinə imza atması tamamilə yetərlidir. Bunu etdikdən sonra baş nazir Nikol Paşinyan ABŞ və Qərb qarşısında, eləcə də siyasi səhnədə öz missiyasını sona çatdırmış olacaq. Və ailəsi ilə birlikdə Qərb ölkələrinin birində verilən təhlükəsizlik təminatı altında həyatını davam etdirmək barədə düşünəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

21.05.2023 19:35
5070