Qərar verildi- bütün Gürcüstanda Çin dili...

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladaze ümumi təhsilin yenilənmiş konsepsiyasını təqdim edib. Bu dəyişikliklər inqilabi xarakter daşıyır və əsas yenilik Çin dilinin ikinci xarici dil kimi məktəb proqramına daxil edilməsidir.

Yeni konsepsiyaya əsasən, Gürcüstanın ibtidai və orta məktəblərində Çin dili tədris olunacaq. Çin dilinin yüksək keyfiyyətli tədrisi üçün zəruri olan təhsil resurslarının hazırlanması da planlaşdırılır. Bu xüsusilə aktualdır, çünki Gürcüstanda çin dilini öyrədən mütəxəssislər çox azdır.

Təhsil Nazirliyi hələ 2023-cü ilin yayında o vaxtkı baş nazir İrakli Qaribaşvili Gürcüstan məktəblərində çin dilinin tədrisinə başlanıldığını, eləcə də Tiflislə   Pekin arasında strateji tərəfdaşlığı elan edib. 

Son illər Çin Gürcüstanda təsirini artırır. Çinli podratçılar hazırda ölkədə Xevi-Ubisa magistral yolu (1,5 milyard dollar) və Anaklia dərin su limanı (2,5 milyard dollar) daxil olmaqla, ölkədə 13 böyük layihənin tikintisi ilə məşğuldur. Anaklia limanı genişlənən Orta Dəhliz üçün mərkəzə çevriləcək, Avropa İttifaqı və Türkiyəni Mərkəzi Asiya və Çinlə birləşdirən marşrut olacaq.

Liman 2021-ci ildən ABŞ-ın sanksiyaları altında olan Çin Dövlət Korporasiyası “China Communications Construction Company”  tərəfindən tikiləcək. Belə podratçının seçilməsi Gürcüstanla ABŞ arasında münasibətləri daha da soyudub.

Gürcüstan Qərblə münasibətlərin pisləşməsi fonunda Çinlə strateji tərəfdaşlıq qurur. Ötən ilin iyulunda iki ölkə strateji tərəfdaşlıq qurduqlarını elan ediblər. Bunun ardınca rəsmi Tiflis Çin vətəndaşları üçün viza rejimini ləğv etdi və  ötən ilin  mayın 28-dən Gürcüstan pasportu sahibləri üçün də Çinə daxil olarkən viza tələb olunmur.  Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında sənəd  imzaladıqdan sonra  iki ölkə arasında münasibətlərin çoxşaxəli dərinləşdiyini elan  olundu  və hökumət televiziya kanallarında Çinyönlü reportajlar daha tez-tez yayıldı. Ekspertlər hesab edir ki, Çin iri infrastruktur layihələrini (Yunanıstanda, Albaniyada, indi isə Gürcüstanda) həyata keçirməklə, müəyyən dərəcədə Avropa İttifaqı ilə rəqabət aparacaq vahid kəmər yaratmağa çalışır. Gürcüstan hökuməti isə hesab edir ki, əsas infrastruktur layihələrinin Çinə təhvil verilməsi Gürcüstana tarixi tranzit funksiyasını yerinə yetirməyə kömək edəcək. 

 Son məlumatlara görə, Çin Gürcüstanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Son on ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Gürcüstan və Çin arasında əməkdaşlığın əsas sektorları nəqliyyat, enerji və turizmdir.

Xüsusilə, ötən il ticarət dövriyyəsinin həcmi iki milyard dollara yaxınlaşıb.

Musavat.com

 

20.04.2025 13:54
8811