Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərindəki tarixi Qələbəsindən bir həftə sonra dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri ilə yenidənqurma, bərpa-quruculuq işlərinin əsası qoyuldu. Xatırladım ki, ilk səfər Qələbədən bir həftə sonra Füzuli və Cəbrayıl rayonlarına reallaşmışdı. Bundan sonra, işğaldan azad edilmiş ərazilərimizə səfərlər mütəmadi xarakter aldı və hər dəfə də yeni müəssisələrin əsası qoyuldu.
Tarixi Qələbəmizdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda görülmüş işlər dünya ictimaiyyətini heyrətə salıb. Çətin relyefə malik olan həmin ərazilərdə üç hava limanının tikintisinin əsasının qoyulması, artıq Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan hava limanında tamamlama işlərinin görülməsi, Laçın rayonunda isə daha bir hava limanının təməlinin qoyulması ölkəmizin həm iqtisadi gücünün, həm də düşünülmüş siyasi kursunun məntiqi nəticəisidr.
Bir neçə gün əvvəl möhtərəm Prezidentimiz və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri Füzuli rayonunun Qaraxanbəyli kəndinə reallaşdı. 27 sentyabr Anım Günündə səfərin Füzuli rayonunun Qaraxanbəyli kəndinə baş tutması heç də təsadüfi deyil. Xatırladım ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusu sərhədboyu ərazilərimizdə genişmiqyaslı təxribatlar törədən zaman aldığı ilk ağır zərbə nəticəsində Füzulu rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndi döyüşlərin birinci günündə azad edilmişdir. İlk şəhidimizi də bu ərazilərdə verdik. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılması Vətən uğrunda canından keçənlərə hörmət və ehtiramın növbəti nümunəsidir.
Dövlət başçımız və birinci xanım Füzulidə Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstəsi qoydular və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dövlət başçımız dedi ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Bu istiqamətdə düşmənin birinci müdafiə xəttini yararaq, bizim Zəfər yürüşümüz başlamışdı.
Prezident İlham Əliyev xatirə lövhəsinin önündə çıxışı zamanı qəti şəkildə bəyan etdi ki, qoymayacağıq bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını qurban verdilər. Onların qanı yerdə qalmadı. Biz döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qırx dörd gündə rəşadətli ordumuz Azərbaycan tarixinə yeni səhifə yazdı. Bu tarixi Qələbə Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallıq artıq dünya birliyi tərəfindən də etiraf edlir.
Bu şanlı Zəfərin əldə edilməsində Azərbaycan xalqı bütün gücünü səfərbər etdi, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Dövlət başçımız da Azərbaycan xalqının birlik, iradə göstərdiyini diqqətə çatdırdı. Dedi ki, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub - yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirdi ki, qoymayacağıq bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın: “ Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktor