Qəfil asqıraqdan zərər çəkən qonaq

 

Yazıq Tramp düz deyirdi, sözünü eşidən olmadı. O boyda mister 2020-ci ilin ortalarında demişdi ki, pandemiyadan sonra dünya heç vaxt əvvəlki kimi olmayacaq.

Ser bunu o mənada demişdi ki, insanlar daha ağzı açıq gəzə, kütləvi şəkildə ölkədən-ölkəyə səyahət edə, əvvəlki illərdəki kimi öpüşüb-görüşə, əylənə bilməyəcəklər.

1 il çəkdi. 2021-ci ilin yayı bitər-bitməz səfərlər, toylar, ağzıayrıq gəzmələr başladı. Düzdür, əvvəl-əvvəl bu səfərlər maskalarla, xüsusi peyvənd sertifikatları ilə müşayiət olunurdu, amma sonra onu da ləğv elədilər. Dünya 2020-ci ildən əvvəlki ritminə qayıtdı.

Ona görə də son 3 ildə ikinci dəfə koronavirus tutmağımın səbəbini Trampın xəbərdarlığına, ÜST-ün tövsiyələrinə qulaq asmamaqda görürəm. Əvvəlki kimi maskadan istifadə etsəydim, təşkilatçılar da təşkil etdikləri beynəlxalq konqresə koronavirus xəstələrini buraxmasaydılar, mən də bir həftə böyrümü yerə verməzdim.

Özü də durum deyim ki, harada, kimdən yoluxduğumu bilmədim? Xeyr. Özümə qəhvə süzürdüm. Qəfildən sol tərəfimdə, 40-50 santimetr aralıda bir ortayaşlı qazax qadın asqırdı. Döndüm, baxdım ki, o, ikinci atəşə hazırlaşır. İsti qəhvə əl-ayağımı yandırmasın deyə kəskin və çevik hərəkət edə, özümü qoruya bilmədim. İkinci “güllə” də məni tutdu. Ürəyimdə fikirləşdim ki, inşallah, bu koronavirus asqırağı deyil. Qadın ürəyimdən keçənləri oxudu və təmiz Anadolu türkcəsində dedi: “Hasta deyilim, bəy əfəndi, kahve kokusuna alerjim var, rahatsız olmayın”.

Rahatsız olmağına olmuşdum, amma bu izahatdan sonra xeyli toxtadım. Bununla belə, o hadisədən 3-4 gün sonra ilk öskürəklə başlayan qızdırma nəticəsində yatağa girənəcən o quşqu məni tərk etmədi, nəhayət, təsdiqləndi ki, qadının qəhvə iyinə qarşı allergiyası olsa da, olmasa da məni koronavirus mikrobları ilə “güllələyib”. Məgər, xatun bal kimi koronavirus xəstəsi imiş. Ta bilmirəm, nə ştammıdır, omikrondurmu, beşbarmakdırmı.

Əlamətlərinə və özünü aparmağa qalsa, bu, eynilə 2020-ci ilin bu vaxtları keçirdiyimiz koronavirus mərəzidir. Nə bir əskik, nə bir artıq. Eynisi. Müalicəsi də eyni oldu. Şükür ki, mutasiya-zad eləməyib. Özünə qarşı dərmanları yaxşı qəbul etdi, sözə qulaq asdı.

Yəni, əziz həmvətənlər, hesab etməyin ki, koronavirus bitib-gedib və ÜST öz büdcəsinə əlavə vəsaitlər cəlb etmək üçün bizi aldadır. (Belə bir iddia da var). Elə şey yoxdur. Koronavirus var, mövcuddur, yaşayır və insanlara qonaq ola-ola dövrə vurur. Başqa sözlə, biz profilaktik tədbirlərdən, o cümlədən maskalardan nahaq yerə kütləvi şəkildə imtina etmişik. Bax, Cənubi Koreya camaatı hələ pandemiyadan 10 il əvvəldən maskaya keçib, hələ də maskada gəzir, hamısı canının qədrini bilir. Amma biz 3 ayın içində tıncıxdıq, üsyana qalxdıq. Antimaska hərəkatı başlamaq üzrəydi. Hökumət gördü ki, belə getsə, maska inqilabı olacaq, dedi ki, yaxşı, gedin, maskasız yaşayın.

Allahdan, biz heç əvvəldən koronavirusu ciddiyə almamışdıq. Televiziyalar, radiolar, qəzetlər, saytlar gecə-gündüz təbliğat aparırdılar ki, ehtiyatlı olmaq lazımdır, bir taksi sürücüsü çıxıb deyirdi, “ə, qaqa, vallah, boş şeydir, elə bir xəstəlik yoxdur”. Bu üzdən yüzminlərlə adam peyvənd vurdurmaqdan yayındı. Bəziləri deyirdi, peyvənd soysuzluğa səbəb olur, bəziləri əmin idi ki, kişiliyə pis təsir edir. “Pis xəstəliklərin yaranmasına səbəb olur” düşüncəsində olanlar vardı. Bəziləri işinin gərəyi peyvənd olunmalıydılar, amma olunmaq istəmirdilər, nəticədə saxta arayış əldə etmək üçün pula əl atırdılar, ara yerdə 3-5 manat qabağa düşmək istəyənləri 5-6 min manat geri salırdılar.

Elələri də vardı, xəstələnirdilər, “öldüm-öldüm”ə düşürdülər, ailə üzvləri, qohumlar yığışır, müalicə təşkil edir, sistem köçürür, tərləmə üzündən gecədə 7 dəfə paltarını dəyişdirə-dəyişdirə adamı birtəhər həyata qaytarırdılar, iştahı açılıb ilk südlü aşı yeyən kimi deyirdi: “Koronavirus boş şeydir, hamısı oyundur”. Vicdansız! 1 həftə əvvəl ölürdün axı. Vəsiyyət də etmişdin: “Məni öz rayonumuzda basdırarsınız”. İndi nə oldu?

Bir sözlə, əvvəlki ajiotaj və kütləvi panika yoxdur deyə, bizə elə gəlir ki, xəta sovuşub. Elə deyil. Ehtiyatlı olmaq lazımdır. Özünüzü qəfil asqıraqların “güllə mənzili”ndən qoruyun.

 

18.11.2023 10:35
1960