İnternet resurslarında HƏMAS terrorçuları tərəfindən girov götürülmüş və dovşan balaları kimi qəfəsə salınmış 3-4 yaşlı uşaqları əks etdirən video paylaşılır. Cəmi 5 uşaqdır, nə baş verdiyini anlamadan, bu qəfəsə niyə salındıqlarını bilmədən, ətrafa boylanırlar. Biri qəfəsin qapağını açmaq üçün əbəs cəhdlər göstərir.
Normal adamlar belə kadrları ikrah və nifrətlə seyr edirlər, uşaqların halına acıyır, onları bu qəfəsə salanlara hiddətlənirlər.
İndi bu da mübarizə üsuludurmu? Belə müharibəmi olar? Bunu edənlər hətta öz mübarizələrində, üsyanılarında yüz faiz haqlı olsalar da, təkcə bu epizoda görə haqsız duruma düşəcəklər. Belə hərəkətlərə görə istənilən ordu birləşməsini, dövləti, təşkilatı hərbi cinayətdə suçlamaq üçün əsaslar yaranır. Çünki beynəlxalq konvensiyalarda mülki şəxsləri, qocaları, qadınları və uşaqları hədəf almağın cinayət olduğuna dair müddəalar var.
Kimsə deyə bilər ki, şiddətli döyüşlər gedən vaxt qafasını müharibə psixozuna qapdırmış adamların belə qayda-qanunlara məhəl qoyması mümkün deyil. Xeyr, mümkündür. Azərbaycan ordusu 19-20 sentyabrda 23 saat 51 dəqiqə çəkən hərbi əməliyyat keçirərkən beynəlxalq qanunlara ciddi əməl etdi, mülki şəxslərə zərər yetirmədi. Ortada yuxarıda bəhs etdiyimiz vəhşiliyin yüzdə biri qədər qabalığı, bəd əməlləri göstərən bir videogörüntü yoxdur.
Heç o da inanılmazdır ki, belə hərəkəti bizim əsgərlərimiz etsəydi, yəni balaca erməni uşaqlarını tutub qəfəsə doldursaydı, Azərbaycan cəmiyyəti onu məmnunluqla qarşılayardı. Əksinə, bizim xalq buna etiraz edər, qəti hökmünü verərdi: “Müharibəni arvad-uşaqla aparmazlar”. 2020-ci ilin şiddətli döyüşləri zamanı bəzi epizodlarda erməni əsirlərlə qaba davranmaq halları olmuşdu, insanlarımız buna etiraz bildirmişdi.
Düzdür, üzrlü səbəblərdən nifrətini cilovlaya bilməyənlər ola və “lap yaxşı edirlər” deyə bilərlər, ancaq bu görüntülərdən məmnun qalmayanların çoxluq təşkil edəcəyi birmənalıdır.
Bizim ermənilərdən və bu cür halları məmnunluqla seyr edənlərdən fərqimiz budur.
Fransız tarixçisi Jorj de Malevilin 1915-20-ci illərdə Türkiyədə baş verən qanlı-qadalı hadisələrə dair yazdığı kitabda belə epizodlar var ki, gənc erməni qızları qətliama məruz qalmış türklərin meyitləri arasında qəhqəhə çəkərək qol götürüb oynayırlar. HƏMAS-ın İsrailə hücumu zamanı öldürülən uşaqlara münasibətdə də bir xeyli erməni “yəhudilərə əcəb oldu” tipli statuslar yazmış, öz aləmlərində Qarabağ müharibəsində Azərbaycana kömək etmiş İsrail dövlətindən acıqlarını belə çıxmışdılar. Onlar etdiyi vəhşiliyə haqq qazandırmaq və vəhşi düşüncədə olduğunu büruzə vermək idi.
HƏMAS-ın İsrailə, yüzlərlə dinc sakinin öldürülməsi ilə müşayiət olunan hücumuna, musiqi festivalında iştirak edən günahsız insanlata qarşı qətliamlar törədilməsinə bir çox başqa ölkələrdə də çox qızğınlıqla haqq qazandıranlar var.
Onlar üçün düşmən ölkənin vətəndaşı olduqdan sonra günahlı-günahsız, hərbçi-mülki şəxs söhbəti yoxdur, o ölkənin vətəndaşlarının hamısı günahkardır və hamısı ölümü haqq edir – düşüncə belədir.
Hətta ola bilər ki, adam aktiv pasifistdir, öz ölkəsinin istənilən müharibədə iştirakına qarşıdır, amma bu da ölkəsi hücuma məruz qalanda onu xilas etməyəcək, sorğu-sual edilmədən güllələnəcək, ya da əsir götürüləcək, işgəncəyə məruz qalacaq.
Ən pisi odur ki, artıq müharibə qanunları deyə bir şey qalmayıb. Bu, onsuz da şərti istilah idi, müharibələrdə belə qanunlara ciddi riayət olunmur və hərbi cinayətlər tez-tez törədilirdi, indi isə aydın olur ki, son illər o qanunlara bizdən başqa riayət edən olmayıb. HƏMAS-ın İsrailə hücumu zamanı ölən mülki şəxslər həlak olan hərbçilərdən on dəfə çoxdur. İsrailin əks-hücumu zamanı ölən mülki şəxslərlə hərbçilər isə hələlik yarı-yarıyadır, sonra balans necə dəyişəcək, bilmək olmaz.
Düzdür, İsrail ordusu Qəzza zolağında qadınları və uşaqları girov götürməyib, amma ələ keçirdikləri HƏMAS döyüşçülərini kütləvi şəkildə lüt soyunduraraq asfalta döşəyib və şəkillərini çəkərək internet resurslarına servis edib.
Bu da əslində normal hal deyil və coşmuş nifrətin məhsuludur. Görünür, israilli hərbçilər 700 civarında mülki şəxsin qətlə yetirilməsinin qisasını isti-isti bu yolla almağı düşünüblər.
Hər necə olur, olsun, körpə uşaqlar dövlət rəhbərliyinin yeritdiyi siyasət üçün heç bir məsuliyyət daşımırlar. Yenə böyüklərin belə bir hakimiyyətə səs verib seçdiyi üçün müəyyən siyasi məsuliyyət payı var, dünyaya gözünü 3-4 il öncə açmış, hələ hərf tanımayan, say bilməyən uşaqlara zülm etmək heç bir halda təqdir olunacaq hərəkət deyil. Nasizmin, etnik nifrətin də bir həddi, çərçivəsi olmalıdır.
Araz Altaylı, Musavat.com