"Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Qəbələ rayonunun Nic kəndinə səyahət edilib.
Rayondan 40 kilometr cənub-qərbdə yerləşən Nic - Qəbələnin ən böyük kəndidir və 2005-ci ildən qəsəbə statusu alıb. Bu yer dünyada udilərin toplu halda yaşadığı yeganə yaşayış məntəqəsidir.
Udilər - Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında yaşayan və Xristian dininə etiqad edən əsas tayfalardan biridir. Onlar hələ də qədim albanlarla eyni dildə danışırlar. Müqəddəs Yelisey adına Cotari kilsəsi kənd mərkəzindən bir qədər aralıda yerləşir. 17-ci əsrdə tikilən kilsə, yenidən bərpa edilərək udilərin istifadəsinə verilib.
Baku TV ibadət ocağında çəkiliş apararkən müxtəlif yaşlarda xaç suyuna salınan insanlarla qarşılaşıb. Keşişin sözlərinə görə, burada ən gec xaç suyuna salınan insan 90 yaşlarında olan anası olub. O, xaç suyuna salındıqdan 1 il sonra rəhmətə gedib. Keşiş anasının gec yaşda xaç suyuna salınmasının səbəbini belə izah edib:
"1836-cı ildə rus çarının qərarı ilə Müqəddəs Alban Apostol kilsəsi erməni Qriqorian kilsəsinin tabeliyinə veriləndə, biz bütün kilsələri və monastrları qapalı saxladıq. Bu səbəbdən kilsələr fəaliyyət göstərməyib və əhalimiz vəftiz olunmayıb. Həmin müddətdən sonra bu kilsədə ilk vəftiz 2013-cü ildə baş tutub".
Ətraflı süjetdə: