“15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib".
Bu barədə TƏBİB-dən Musavat.com-un Qəbələdə toyda kütləvi zəhərlənmə ilə sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.
Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Şahanə RƏHİMLİ,
Musavat.com