“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı - FOTO/VİDEO

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb.

Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffəq olublar.

Araşdırma zamanı 42-BT-660 dövlət nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Vaqif Arif oğlu Hüseynovun dövlət nömrə nişanlarını çıxararaq, sayrışan işıqlardan istifadə etməkdə dəfələrlə qayda pozduğu müəyyən olunub. Həmçinin tibbi müayinədən keçirilən zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sürücü guya qazi olduğunu iddia edərək məsuliyyətdən yayınmağa çalışıb. Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 342.7, 327.4, 327.2, 333.1, 342.9 və 327.1-ci maddələri ilə protokol tərtib olunub. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub.

11.05.2024 17:43
1444