Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb. Bu haqda Musavat.com-a DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. Xidmət rəisi bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil”.
Elşad Hacıyev qeyd edib ki, avqustun 2-də isə ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. “Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz"- deyə idarə rəisi qeyd edib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu gün İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) müasir həyatın və inkişafın bütün sferalarını geniş şəkildə nüfuz edib:
“Eyni zamanda bu sahədə cinayətkarlıq da inkişafdadır. Bu gün qlobal məkana və informasiyaya çıxışdakı sərhədləri aradan qaldırması, informasiya mübadilələrinin və əməliyyatların yüksək sürətini təmin olunması, bu proseslərin bir barmaq toxunuşu qədər sadələşdirilməsi, ucuzluğu və əlyetərliliyi qısa bir zaman ərzində dünya əhalisinin təxminən yarısının istifadəçiyə çevrilməsi ilə nəticələndi. Bütün bunlar isə kibercinayətlərin də artmasını şərtləmdirdi. Bu gün kibercinayətlərin araşdırılmasının həyata keçirilməsi üçün yeni üsul və vasitələrlə yanaşı, onların realizəsində yeni metod və imkanların yaranmasına, habelə potensial kibercinayətkarlıq obyektlərinin sayının və miqyasının sürətlə artmasına gətirib çıxarıb. Kiberməkanın səciyyəvi xüsusiyyətləri, habelə infrastrukturun, əsasən, özəl sektor və vətəndaşların əlində cəmlənməsi kibercinayətkarlıqla mübarizədə adekvat institutsional strukturların, elmi-texniki və normativ-hüquqi bazasının formalaşdırılması və təkmilləşdirilməsi ilə yanaşı, dövlət, özəl sektor və vətəndaşlar arasında, həmçinin beynəlxalq səviyyədə tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsini tələb edir. Adekvat mexanizmlərin, zəruri institutların, çoxtərəfli və beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın yerində olmaması isə kibercinayətkarlıqla mübarizəni daha da müəkkəbləşdirir və çətinləşdirir. Daha kimsəni küçədə aldatmırlar. Bir malı alqı-satqı saytına yerləşdirib müştəri yığır, bank hesabı verir və pulunu alıb aradan çıxırlar. Dələduzluq, soyğunçuluq kimi cinayətlər də sürətlə smartlaşmaqdadır. Vətəndaşlar İKT-dən istifadə edərkən diqqətli olmalıdırlar”.
Natiq Ələsgərov deyib ki, bu gün dünya üzrə internetdən istifadə edən yetkin insanların 50 faizinin kibercinayətkarlıqla və ya digər neqativ onlayn vəziyyətlərlə üzləşib:
“Hazırda dünya əhalisinin 73 faizi, Azərbaycan əhalisinin də bir o qədəri internetə çıxışla təmin olunub. İKT-nin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədə əsasən isə yaxın illərdə 85 faizinin sürətli internetlə təmin olunacağını nəzərə alsaq, zəruri mexanizmlərin yeri aydın görünür. Həcmindən və hədəf obyektlərin sayından asılı olmayaraq yalnız bir və ya eyni anda bir neçə mənbədən, avtomatlaşdırılmış formada idarə oluna bilən, transmilli xarakterli kibercinayətkarlıqla mübarizə daha intensiv və adekvat mühafizə tədbirlərinin və mexanizmlərinin tətbiqini zəruriləşdirir. Bu istiqamətdə atılan addımlar da təqdirəlayiqdir”.
Natiq Ələsgərov deyib ki, ötən ay Bakıda kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərarlaşdırılıb:
“Bu qərar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”nın birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirəsi və həlli yollarının tapılmasına görə verilib.Tədbirdə bildirildi ki, kibertalama və kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq gücləndirilməlidir. Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlər, bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılmasının və qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılması da vacibdir. Bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün mövcud olan beynəlxalq təcrübələrdən də istifadə olunması da vacibdir. Azərbaycan banklarının kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları və bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən rəhbər şəxslər kartlardan pul vəsaitlərinin talanmasının qarşının alınması üçün koordinasiyalı işlərin görülməsinə qərar verilib. Hesab edirəm ki, bu qərar vəziyyəti nisbətən müsbətə doğru dəyişəcək. Amma yenə də vətəndaşlar diqqətli olmalı, kimsəyə bank kartlarını, şifrələrini, şəxsi məlumatlarını verməməlidirlər. Kibertalamanın qarşısının alınmasında əsas şərt də budur”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com