Qazaxıstan ölkəyə ərzaqlıq yumurta idxalını qadağan edir

 

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi may ayından 6 ay müddətinə respublikaya avtomobil yolu ilə toyuq yumurtasının idxalına qadağa qoyulması barədə qərar qəbul edib.

İdarə tərəfindən müvafiq sərəncam layihəsi “Açıq normativ hüquqi aktlar” portalında yerləşdirilib.

“Avrasiya İqtisadi İttifaqının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu: 040721 olan təzə toyuq yumurtasının Qazaxıstan Respublikasının ərazisinə avtomobil yolu ilə Avrasiya İqtisadi İttifaqı ölkələri və digər ölkələrdən idxalına altı ay müddətinə qadağa qoyulsun”.

Sərəncam mayın 1-dən qüvvəyə minir. Sənədin izahat hissəsində qeyd olunur ki, Qazaxıstanın daxili bazarında toyuq yumurtasına olan tələbatın 98 faizini yerli istehsalçılar  təmin edir.

Qazaxıstanın "APK News" nəşrinin məlumatına görə, bundan əvvəl Qazaxıstan Quşçular İttifaqı Rusiyadan Qazaxıstanın sərhədyanı rayonlarına qaçaqmal yumurta axını ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyini toyuq yumurtasının idxalına qadağa tətbiq etməyə çağırıb.

 

Musavat.com

19.02.2024 11:42
635