Qazaxıstanın Energetika Nazirliyi mart ayında OPEC+ sazişi çərçivəsindəki neft hasilatı öhdəliyinin aşılan həcmlərini kompensasiya etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ikinci dərəcəli mənbələrə görə, Qazaxıstan mart ayında öhdəliyini sutkada 131 min barel üstələyib: “ Bu, iqlim şərtləri və istilik mövsümünün uzanması ilə əlaqədardır. Lakin Qazaxsıstan birinci rübdə hasilat kvotasından artıq istehsalı kompensasiya etmək üçün bütün imkanlardan istifadə edəcək”.
Energetika Nazirliyi onu da qeyd edib ki, nazirlərin birgə monitorinq komitəsinin 53-cü iclasının qərarına əsasən, Qazaxıstan 2024-cü il aprelin 30-dək OPEC katibliyinə müfəssəl kompensasiya planı təqdim edəcək.
Mart ayında bir sıra OPEC+ ölkələri, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının əlavə könüllü azaldılması üçün ilkin olaraq birinci rüb üçün nəzərdə tutulan tədbirlərin 2024-cü ilin ikinci rübünə qədər uzadıldığını elan etdilər. Qazaxıstan həmçinin bəzi OPEC+ üzv ölkələri ilə razılaşdırılaraq, neft hasilatının gündəlik 82 min barel əlavə könüllü azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzadıb. Beləliklə, 2024-cü ilin iyun ayının sonuna Qazaxıstanda hasilat sutkada 1,468 milyon barel olacaq.
Musavat.com