Qazaxıstan alma idxalını qadağan etdi: Azərbaycana zərəri olacaqmı?

Qazaxıstan hökuməti 2024-cü ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqı ölkələri istisna olmaqla, üçüncü ölkələrdən almanın avtomobil yolu ilə idxalına müvəqqəti qadağa qoyub. Musavat.com Qazaxıstan Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir ki, bu qərar Baş nazirin müavini Serik Jumanqarinin sədrliyi ilə xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasında qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən, Qazaxıstanda 2024-cü ildə ümumi alma məhsulu 300 min ton proqnozlaşdırılır. Bildirilir ki, belə meyvə istehsalına əvvəlki illərdə bağçılıq sahəsinə göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində nail olunub.

2024-cü ildə alma bağlarının tam məhsuldarlığa çatması və məhsuldarlığın 18 faiz artacağı gözlənilir ki, bu da daxili bazarın tələbatını ödəyəcək.

Qeyd edək ki, Qazaxıstanın bu qərarı Azərbaycan fermerlərinə də zərər vuracaq. Belə ki, Qazaxıstan Rusiyadan sonra Azərbaycanın ən çox alma ixrac etdiyi ikinci ölkədir. Rəsmi statistikaya əsasən 2024-cü ilin birinci yarısında Azərbaycandan Qazaxıstana 15 min tona yaxın alma ixrac olunub.

Musavat.com

28.08.2024 20:02
619