Qazaxıstanın tanınmış ziyalısı, akademik Əsgər Jumadildayev hökuməti və sponsorları idmançılara bahalı hədiyyələr payladığına görə tənqid edib.
Musavat.com xəbər verir ki, o, “Oh-Like” podkastında idmanı təhsildən üstün tutanlara müraciət edib.
“Dünən bir çempion kiminsə üzünə yumruq vurub və bunun üçün ona maşın, yüz at, hətta bir dəvə də veriblər. Və verməyə davam edirlər. Amma fikir versəniz, bizim uşaqlarımız da eyni uğura imza atırlar. Hər il riyaziyyat olimpiadasından medal gətirirlər. Niyə onlara heç velosiped də vermirlər? Sponsorlar kömək edə bilər. Amma idmançı medal qazanır, gəlir, ona hədiyyələr verməyə başlayırlar, sonra məlum olur ki, dopinq qəbul edib. Demək olar ki, bütün ağır atletlərimiz dopinqlə tutulublar, lakin heç biri aldığı hədiyyələri geri qaytarmayıb”, - deyə alim bildirib.
Xatırladırıq ki, qızıl medala görə Eldos Smetova dövlət tərəfindən 250 min dollar mükafat verilib.
Olimpiada çempionuna Aktobedən olan bir sahibkar tərəfindən at sürüsü hədiyyə ediləcəyi də məlum olub.
Ötən ay Parisdə keçirilən Olimpiadanın qalibi Almatıda təntənəli və hay-küylə qarşılanıb. Smetovun evinin qarşısındakı yol təcili olaraq asfaltlanıb. Çempiona beş otaqlı penthausun və “Leksus” markalı avtomobilin ən son modelinin açarları təqdim olunub.
Həmçinin cüdo üzrə Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edərək beşinci yeri tutan Abiba Abujakınova üçüncü dəfə avtomobil hədiyyə edilib. Avtomobil olimpiadanın gümüş mükafatçısı Nəriman Qurbanova da təqdim olunub. Həmçinin onun Jetısuda yaşayan anasına ev verilib.
Musavat..com