Qazançı kilsəsi haqda erməni yalanlarının İFŞASI 

Azərbaycan dilindəki Vikipedia səhifəsində kilsə ilə bağlı saxta “mənbələr”in hamısını ermənilər yaradıb; 1887-ci illərdə Culfanın Qazançı kəndindən Şuşaya köçürülən ermənilər...

Şuşa şəhərində yerləşən tarixi Qazançı kilsəsinin bərpa layihəsi başa çatıb. 2021-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən başladılan Qazançının bərpasını düşmən təbliğatı “erməni tarixi və mədəni izinin silinməsi cəhdi” kimi qiymətləndiriblər.

Tarixçi-alim: “Qərbi Zəngəzur ərazilərində tarixi əhəmiyyətli 200 türk  kəndi və şəhəri dağıdılıb” - FOTO - Oxu.az

AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib ki, ermənilər Şuşada “erməni kilsəsi”nin mövcudluğu barədə  xülyalarını həqiqətə çevirmək üçün dünyanın bütün müvafiq beynəlxalq təşkilatlarına müraciət edərək bu yalana inanmağa çalışırlar: “Şuşa şəhərində Qazançının "erməni kilsəsi" olduğunu   “sübut”a yetirmək üçün ermənilərin özləri tərəfindən yaradılan Azərbaycan dilindəki “internet mənbələrindən” məharətlə istifadə edirlər.

 “Qazançı kilsəsi” mövzusunu internetdə axtarışa verəndə, Azərbaycan dilindəki Vikipediyada yazılan sitatlar biri digərini inkar edir. Bəzi nümunələri göstərə bilərəm. Məsələn, sitatlardan birində deyilir: “Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub. 1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir". Bu iki cümlə bir-birini tamamlamasa da, ikincinin mənası çətin başa düşülsə də, burada bir saxta erməni tarixi ifadə edilməyə çalışılır. Birmənalı şəkildə qeyd etmək olar ki, heç bir tarixi mənbədə Şuşada zərdüşt məbədinin və ya məbədlərinin mövcudluğu göstərilmir. Və sual olunur: 1722-ci ildə Şuşada hansı sayda xristian toplum olub ki, onlar həmin ildə özlərinə kilsə tikirdilər? Əgər mövcud olubsa, bu xristian toplumun milliyyəti nə olub?

Ümumiyyətlə, 1722-ci ildə Şuşada xristian dininə mənsub olan xalq və ya millət yaşamayıb, bu ifadə yalandır. Elə həmin “mənbə”də xristianların, yəni ermənilərin Şuşada ilk dəfə məskunlaşmaları 1868-1887-ci illər olduğu göstərilir?

Azərbaycan dilindəki “Qazançı kilsəsi” Vikipedia səhifəsində istinad olunan 12 mənbənin hamısı ermənilərə məxsusdur. Məncə, burada artıq şərhə ehtiyac yoxdur. Təxribat xarakterli bu cür məlumatlar adi görünsə də, əslində Ermənistan Azərbaycanı planlı şəkildə “vandalizmdə”  suçlamağa çalışır. Lakin araşdırmalar göstərir ki, Şuşa şəhərində erməni kilsəsi mövcud olmayıb".

Həmsöhbətimiz deyib ki, Şuşada xristian kilsəsinin yaranma tarixi əslində 1805-ci ildən başlayıb: “Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan Çar Rusiyası digər bölgələrimizlə bərabər öz  qərargahlarını Şuşa şəhərində də yaratdılar. O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə bir xristian kilsənə ehtiyac vardı. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının üstünə zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı.  Zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən təmir edilərək kilsəyə  uyğunlaşdırılırdı. 1868-1887-ci illərdə? Culfanın Qazançı kəndindən Şuşaya köçürülən ermənilər bu kilsə ətrafında məskunlaşdırıldıqlarından, el arasında bu kilsəyə hərdən "Qazançı kilsəsi" də deyirdilər. Hələ buna qədər, ehtiyac olmadığı halda, Şuşanın Köçərili məhəlləsində 1847-ci ildə daha bir kilsə inşa edilmişdi.  Şuşada “kilsə siyasəti”  Rusiyanın gələcəyə hesablanmış təxribat siyasəti idi ki, sonrakı dövrlərdə bu şəhərdən azərbaycanlıların tamamilə köçürülməsinə, etnik təmizləməyə məruz qalmasına şahid olduq.  Yerli camaat, yəni azərbaycanlılar Birinci Qarabağ müharibəsinə qədər Şuşadakı kilsələr “rus kilsəsi” adlandırırdılar.

Qazançı kilsəsi kimə məxsusdur?

Şuşadakı kilsələrin ermənilərə məxsus olmadığını bir çox erməni mənbələri də təsdiq edirlər. Məsələn, erməni yazıçısı Zare Melik Şahnazarov 1995-ci ildə Moskvada çap etdirdiyi "Zapiski karabaxskoqo soldata" kitabında Şuşadakı kilsəni “rus kilsəsi” kimi qeyd edir. 1918-ci ilin mart ayında İrandan Rusiya ordusuna məxsus beş min nəfərlik bir ordu Araz çayı üzərindəki Xudafərin körpüsündən keçərək Şuşa şəhərindəki rus qərargahına gəlir. Mənbənin yazdığına görə, bu ordu 1914-cü ildən 1918-ci ilə qədər olan dövrdə (I Dünya müharibəsi ərəfəsində) İrana yerləşdirilmişdi. Artıq öz missiyasını başa vuran rus hərbi bölmələri İran dövlətinin xahişi ilə artıq oradan çıxarılırdı. Erməni hərbçiləri İrandan çıxan rus ordusunu Qarabağda azərbaycanlılara qarşı döyüşməyə sövq etmək üçün rus zabitləri ilə görüşürlər. Məqsədlərinin baş tutmadığı bu görüş barədə erməni zabiti Samson Melik-Şahnazaryan yazırdı ki, “biz rus zabitləri ilə Şuşadakı Rus Pravoslav kilsəsində görüşdük”. Bu, Şuşada erməni kilsəsinin olmadığını sübut edən tutarlı faktdır. Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadıldı və bəzilərindən yem anbarı kimi istifadə olundu. SSRİ hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız qalaraq yararsız hala düşdülər.

Qazançı kilsəsi - Şuşa

1988-ci ildən Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda alban dövrü kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan rus kilsələrinin işlək vəziyyətə gətirilməsinə və yeni erməni kilsələrinin tikilməsinə başlandı. Son 28 ildə Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərinin erməniləşdirilməsi Ermənistan hökumətinin dövlət siyasətinin bir hissəsini təşkil edirdi. Bu da Şuşadakı rus pravoslav kilsələrindən də yan keçmədi. Tarixi baxımdan nə Şərqi Zəngəzur, nə Qarabağ bölgələrində və nə də Şuşa şəhərində heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb. Dünyanın heç bir arxivində bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyil".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat” 

09.10.2024 09:47
984