"Qaytarılan hərbçilərimizin əlavə müayinəyə ehtiyacı yoxdur" - Anait Avanesyan

Azərbaycan tərəfindən qaytarılan erməni hərbçilərinin əlavə müayinəyə ehtiyacı yoxdur.

Musavat.com Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan jurnalistlərə deyib.

"Qaytarılan hərbçilərin bütün ehtiyacları qiymətləndirilib, lazımi bütün müayinələr "Muratsan" hərbi hospitalında aparılıb", - o deyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqların nəticəsi olaraq, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.

Qeyd edək ki, ötən gün erməni əsirliyindən azad olunmuş Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdə ermənilər tərəfindən müxtəlif işgəncələrə məruz qalıb. Belə ki, bir müddət əvvəl erməni hərbçiləri əsirlikdə olan Azərbaycan əsgəri Hüseyn Axundovla qeyri-insani rəftarlarını əks etdirən kadrları özləri sosial şəbəkələrdə paylaşıblar. Bundan başqa, ötən gün əsirlikdən azad olunan Aqşin Bəbirov Azərbaycanın dövlət televiziyasına müsahibəsində əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən işgəncəyə məruz qaldığını təsdiqləyib. Belə ki, müxbir hərbçidən hərəkətlərindəki məhdudiyyətlərinin səbəbini soruşduqda hərbçimiz ermənilərin onun dizlərinə elektrik cərəyanı verdiklərini bildirib.

14.12.2023 18:24
809