Qayınanasına verdiyi vədə 55 ildən sonra əməl edən PREZİDENT

20 noyabr Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Cozef (Co) Baydenin doğum günüdür. Prezident Ağ Evdə 81 yaşını qarşılayır. Ötən illər ərzində Baydenin həyatında gündəmə düşən hadisələr az olmayıb.

Musavat.com 81 yaşlı Amerika prezidentinin həyatının maraqlı məqamlarını təqdim edir:

CAVAN SON.jpg (105 KB)

Hərbi xidmətə yararsız

1942-ci ildə Pensilvaniya ştatının Skrenton şəhərində anadan olan Bayden Sirakuz Universitetinin hüquq fakültəsini bitirdikdən sonra hərbi xidmət keçməklə bağlı müraciət edəndə onu orduya qəbul etməyiblər. Belə ki, Baydendə astma xəstəliyi olduğundan o, hərbi xidmətə yararsız sayılıb.

Qızlarla görüşdən imtina edən gənc

Hələ uşaqlıq illərindən Bayden nitqi ilə bağlı böyük problemlər yaşayıb. İstər məktəb yoldaşları, istərsə də məhəllə uşaqları arasında Bayden danışarkən kəkələməyi ilə həmyaşıdlarının gülüş hədəfinə çevrilib. Bu qüsur gələcək prezidenti hədsiz dərəcədə narahat edib. Hətta buna görə o, qızlarla görüşdən də imtina edib. Bu vəziyyətlə barışmayan Bayden uzun illər öz nitqi üzərində işləyib və nəhayət, nitqi ilə bağlı problem üzərində qələbə çalıb.

Qayınanasına verdiyi vəd

Bayden 1966-cı ildə Neylin Hanterlə ailə həyatı qurub. Neylinin atası bu nikaha etiraz etsə də, cütlük qərarından dönməyib. Evlilikdən əvvəl gələcək qayınanası ondan necə və hansı qazancla yaşayacaqlarını soruşanda Bayden əminliklə bildirib: “Mən Amerika Birləşmiş Ştatlarının prezidenti olacağam...” Bayden düz 55 ildən sonra qayınanasına verdiyi vədə əməl edib, o, 2021-ci ildə ABŞ-ın prezidenti seçilib.

PANDE SON.jpg (144 KB)

İlk uğur və ən gənc senator

Bayden siyasi səhnədə ilk böyük uğurunu 1972-ci ildə qazanıb. O, Delaver ştatından ABŞ Senatına seçilərək Amerika tarixinə ən gənc senatorlardan biri kimi düşüb. Həmin vaxt Baydenin 29 yaşı olub.

Gələcəyin tarix yazan siması

Hələ 1974-cü ildə nüfuzlu “Time” jurnalı Baydeni “gələcəyin tarix yazacaq 200 siması” sıyahısına daxil edib. Sözsüz ki, prezidentlərin hamısı bir tarix yazır. Əsas məsələ bu tarixin necə yazılmasıdır. Baydenin yazdığı tarixə isə gələcəkdə tarix özü qiymət verəcək.

Avtomobil həvəskarı

Bayden avtomobil həvəskarıdır. Prezident şəxsi qarajındakı maşınların arasında daha çox 1967-ci il istehsalı olan tünd yaşıl rəngli “Corvette Stingray” avtomobilinə üstünlük verir. Bu maşını ona vaxtilə avtosalonda menecer işləyən atası hədiyyə edib. Prezident müsahibələrində bu maşının sükanı arxasına keçəndə gənclik illərini, atasını xatırladığını bildirib.

MASİN YENİ.jpg (189 KB)

Ailə faciəsi

Senat seçildiyi il, 1972-ci ildə Baydenin ailəsində faciə baş verib. Onun həyat yoldaşı, qızı və iki oğlu avtomoil qəzasına düşüb. Qəza nəticəsində Baydenin həyat yoldaşı və qızı həyatlarını itiriblər, oğlanları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Baydenin Senatdakı ilk səlahiyyət müddəti üçün andiçmə mərasimi xəstəxanada, oğlanlarının müalicə aldığı palatada keçirilib.

Siyasətdən getmək qərarı

Ailəsindəki faciədən sonra Bayden siyasətdən getməyə qərar verib. O, daha az vaxt aparan bir işlə məğul olmaqla oğlanlarını böyütməyi, onların tərbiyəsi ilə məşğul olmağı düşünüb. Senat rəhbərliyi Baydeni bu fikrindən daşındırıb.

İkinci bahar

Həyat yoldaşının ölümündən üç il sonra Bayden təsadüfən tanış olduğu ingilis dili müəllimi olan Cilli ilə ailə həyatı qurub. Onlar rəsmi nikaha 1978-ci ildə imza atıblar. Cütlüyün Eşli adlı qız övladları dünyaya gəlib.

HEYAT SON.jpg (64 KB)

Üçüncü cəhd, birinci kürsü və ən yaşlı prezident

Bayden prezidentlik uğrunda mübarizəyə üç dəfə qatılıb. 1987, 2008, 2020-ci illərdə. O, yalnız üçüncü cəhddə qələbə qazanaraq Amerikanın 46-cı prezidenti seçilib. Baydan Amerika tarixinə ən yaşlı prezident kimi dşüb. Prezident seçiləndə onun 78 yaşı olub.

QELEBE SON.jpg (56 KB)

“Baydenizm”, yaxud prezidentin kuryozları

Prezident seçkiləri zamanı və prezidentlik dövründə Bayden bir çox kuryoz hadisələrlə də gündəmə düşüb ki, bu hadisələrə görə Donald Tramp onu “yuxulu Co” adlandırıb. Seçki kampaniyası dövründə “prezident seçkiləri” əvəzivə “Senat seçkiləri” deməsi, həyat yoldaşı ilə bacısını səhv salması, dəfələrlə büdrəməsi, Amerikada COVID-19-un statistikasından danışarkən ABŞ əhalisinin üçdə iki hissəsinin bu xəstəlikdən “ölməsi” faktını dilə gətirməsi, rəsmi və qeyri-rəsmi görüşlərdə hərəkət xəttini səhv salmaqla təhlükəsizlik xidmətinin əməkdaşlarını çətin vəziyyətə salması və bu kimi digər hadisələr Amerikada “baydenizm” termininin meydana gəlməsinə səbəb olub.

BAYDEN SON.jpg (96 KB)

Bütün bunlara rəğmən, 81 yaşlı Baydenin növbəti prezident seçkilərinə qatılmağı da istisna olunmur. Bəli, Bayden təəccübləndirməyi sevir və belə görünür ki, o, bu şakərindən əl çəkmək fikrində deyil...

İlham Cəmiloğlu,
Musavat.com

20.11.2023 15:10
7628