Qatilin ekstradisiyası: Almaniya Krasikovu Putinə verməsindən məyusdur - görün kimi öldürübmüş

Almaniyanın ədliyyə naziri Marko Buşman “Ştern” jurnalına müsahibəsində Rusiya ilə Qərb arasında soyuq müharibənin bitməsindən bəri ən böyük məhbus mübadiləsinin şərtlərini açıqlayıb.

Almaniya mətbuatı mübadilə sövdələşməsinin əsas məqamının “Tirqarten qatili” kimi tanınan Vadim Krasikovun Berlin tərəfindən Rusiyaya təhvil verilməsinə xüsusi vurğu edir.

Məlum olduğu kimi, V.Krasikov Almaniyada saxta adla yaşayan və Gürcüstan vətəndaşlığı olan çeçen səhra komandiri Zelim Xanqoşvilini qətlə yetirmək üçün saxta sənədlərlə Almaniyaya daxil olub və günün günorta çağı, federal kanslerin ofisinin, nazirliklərin və Reyxstaqın yaxınlığındakı parkda nəzərdə tutduğu qətli törədib. Krasikov dərhal həbs edilib. Qətlin qeyri-peşəkarlığı onu deməyə əsas verib ki, bu, ya kriminal qarşıdurma, ya da qorxutma aktıdır. Ancaq alman müstəntiqlər həbs edilən şəxsin əsl ad-soyadını, kimliyini müəyyən edə biliblər və o, ömürlük həbs cəzasına məhkum edilib. Krasikov Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu danıb və Rusiyanın Berlindəki səfirliyi ona o qədər də maraq göstərməyib. Bundan sonra Krasikov mətbuat səhifələrindən yoxa çıxıb, lakin məlum olub ki, onu Almaniya həbsxanasından xilas etmək üçün pərdəarxası işlər dayanmayıb.

Almaniya mətbuatı həm Almaniya kansleri Olaf Şoltsun, həm də onun komandasındakı şəxslərin mübadilə ilə bağlı fikirlərini yazır. Şolts mübadilə qərarının Berlin üçün asan olmadığını deyib. O, bu addımı “Rusiyada siyasi motivlərlə saxlanılanların” sağlamlığı və həyatı üçün risk olduğuna görə atdığını bildirib.

Bir qədər əvvəl Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniya federal prokurorluğundakı mənbələrinə istinadla departamentin Krasikovun Rusiyaya ekstradisiyası qərarından məyus olduğunu yazıb. Qəzetin yazdığına görə, ədliyyə naziri Marko Buşman baş prokuror Yens Rommelə Krasikovun cəzasının bundan sonrakı icrasından çəkinməyi tapşırıb ki, onu mübadilə etmək mümkün olsun. Nazir müsahibəsində bunu təsdiqləyib.

Baş Prokurorluq bu iş üzrə verdikti siyasi qərarı hesab edib və bildirib ki. bu, başqa cür qəbul edilməli idi: Almaniya prezidenti Krasikovu rəsmən əfv etməli idi. Amma o, bunu etməyib və ya etmək istəməyib. (Onda da “bir qatil 3 il həbsdə yatmadan hansı əsasla əfv edilir” sualı çıxacaqdı). Bu məsələ ilə bağlı məlumatlar hələ dərc olunmayıb. Prokurorluq həmçinin hesab edib ki, qərarda qətlə yetirilən Xanqoşvilinin qohumlarının fikirləri nəzərə alınmır, lakin Putinə münasibətdə “həddindən artıq uyğunluq” nümayiş etdirilir. Belə qələmə verilir ki, Almaniya hakimiyyəti Krasikovu cəzasını Rusiya Federasiyası ərazisində çəkmək üçün Rusiyaya köçürmək qərarına gəlib. Məhz buna görə Almaniya ərazisində Krasikov əliqandallı və gülləkeçirməz dəbilqədə, bir neçə polis əməkdaşının müşayiəti ilə görünüb. Onunla əfv edilmiş məhbus kimi yox, bir yerdən başqa yerə etap edilən məhkum kimi davranıblar.

rasssapl.jpg (71 KB)

Alman mediası yazır ki, Krasikovun Rusiyada gələcək taleyinin necə olacağı bilinmir. Ancaq prezident Putinin onu aeroportda qəhrəman kimi qarşılaması, iki dəfə qucaqlaması göstərir ki, Krasikov yeni rütbəylə, mənzillə, vəzifəylə mükafatlandırılacaq.

Almaniya hakimiyyəti Rusiyanın Krasikova qarşı hər hansı hüquqi tədbir görə biləcəyinə ehtimal vermir, bilir ki, öz vətənində onu qatil kimi mühakimə etməyəcəklər. Ancaq belə formallıqların olmaması Almaniyanın gələcəkdə bu cür mübadilələri həyata keçirməsini çətinləşdirəcək. Başqa sözlə, Almaniya hökuməti gələcəkdə ölkə ərazisində qətl törətmiş rusiyalıları geri verməyəcək.

Nazir Buşman müsahibəsində Almaniya vətəndaşlarını Rusiyaya getməməyə çağırıb, çünki onların siyasi girov olmaq təhlükəsi olduğuna inanır.

Buşman bildirib ki, Rusiya tərəfinin öz qatil və casuslarıyla dəyişdirdiyi şəxslər jurnalistlər, sənət dünyasının nümayəndələri, hüquq müdafiəçiləri olub. Məlumata görə, Almaniya tərəfi Moskvadan qəbul edilən bütün şəxsləri tibbi müayinədən keçirib, çünki onların Rusiya tərəfindən zəhərlənə biləcəyi qorxusu olub.

O da məlum olub ki, prokurorluqdan əlavə, Almaniya Xarici İşlər Nazirliyi də bu mübadilənin əleyhinə çıxıb. Ancaq mübadilə hökumətin israrlı təzyiqi altında həyata keçirilib. Çünki bunu alman siyasilərdən Amerika prezidenti Cozef Baydenin administrasiyası təkidlə xahiş edib. Federal kansler Olaf Şolts bu detalı lap ilk günlərdə etiraf etmişdi.

İndilikdə bilinən odur ki, Rusiya və ABŞ tərəfi məhbus mübadiləsini özləri üçün “zəfər” saysalar da, məyus olan tərəf Almaniyadır.

Araz Altaylı, Musavat.com

07.08.2024 13:31
1394