İlk yayın vaxtı 12.09.2023 (22:12)
Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi reallığa çevrildi.
İki gündür keçidi ləngidilən Rusiya Qızıl Xaç Cəmiyyəti (QXC) tərəfindən göndərilən yükün Xankəndiyə keçidi baş tutdu.
Qeyd edək ki, yük Xankəndidə müvafiq anbara boşaldılıb. QXC-nin yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
Azərbaycanın bu uğurunu şərh edən Sosial Təqdiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Ağdam-Xankəndi yolunun açılması suverenliklə bağlı atılan ən mühüm addım oldu.
Ekspert vurğulayıb ki, Rusiyanın göndərdiyi yükün Ağdam yolu ilə Xankəndiyə getməsi bir ölkənin suveren ərazisində koridorlar, dəlik-deşiklər açanlara, parçalanma üçün müxtəlif illeqal məntəqələr açma prosesinə vurulan mühüm zərbədir:
“Onun mahiyyəti təxminən Azərbaycanın Laçın yoluna sərhəd-buraxılış məntəqəsi qoymasına bərabərdir. Dərhal Ağdam-Xankəndi yolunun leqallaşması, presedent yaratması mənasında önəmlidir. O buz sındı. Yol faktiki olaraq işə düşdüsə, artıq yolun bundan sonrakı mexanizmi üzrə və təbii ki, Azərbaycanın dövlət iradəsinin işə düşməsinin əhəmiyyəti kimi baxsaq, çox müstəsna bir uğurdur. Bundan sonrakı proseslər inteqrasiya prosesinin tərkib hissəsidir. Bundan sonra Azərbaycan yükləri də daxil olacaq, daxil olan yüklərin təhlükəsizlik məsələsi də gündəmə gələcək, təmas üçün səbəblər meydana çıxacaq”.
Əziz Əlibəyli Ermənistan və qondarma rejimin bundan sonrakı planları barədə də danışıb:
“Ermənistan tərəfi Azərbaycanı təxribata çəkməkdə maraqlıdır. İndiki şəraitdə, xüsusilə də qarşıdakı 8 gün ərzində Azərbaycan tərəfi maksimum şəkildə həssas davranmalıdır. ABŞ-la birgə hərbi təlimlər keçirən ölkənin sərhədlərində baş verəcək istənilən təxribat Azərbaycanın günahkar və məsuliyyətli vəziyyətə salınmasına səbəb ola bilər. Şübhə yoxdur ki, bu, böyük bir ssenaridir. Biz mövcud durumu təkcə Ermənistan üzərindən qiymətləndirsək, yanlış olar. Çünki bölgədə qalmaq və harda Rusiya varsa, onun maraqları boyunca ABŞ çəmbərini yaratmaq əsas vəzifələrdən biridir. Bu mənada hazırda baş verən proseslərin arxasında həm də müharibə ehtimalının güclənməsi dayanır.
Ermənilərin Qarabağda təxminən 10 minlik hərbi birləşməsinin olduğuna dair qeyri-rəsmi məlumatlar var. Bu, təsdiqlənə də bilər. Bəs onların taleyi necə olacaq?
Ermənistan iqtidarı Azərbaycanı müharibəyə çəkir. Hesab edirəm ki, bu məsələnin başqa bir tərəfi də Fransa və ABŞ-ın Rusiya ordusunun həm 102-ci bazada, həm də Ermənistanla sərhəddə yerləşdirilməsi planlarına ciddi zərbə vurmaqdır.
Əsas hədəflərdən biri də Ermənistanın məğlub olacağı təqdirdə Rusiyanın günahkar hesab olunub Ermənistan-Rusiya hərbi müqaviləsinin (Gümrü) ləğv olunması, 102-ci bazanın qeyri-leqal elan olunması və Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan sərhədi boyunca ABŞ, Fransa əsgərlərinin yerləşdirilməsi planını reallaşdırmaq məsələsidir. Bu istiqamətdə Ermənistan tərəfindən real addımların atıldığını da görürük. Paşinyan zehniyyətində gizlənən qeyri-dinamik və dağıdıcı fəaliyyət imkan verməz ki, Azərbaycanın sülhlə bağlı təkliflərinə qiymət verilsin”.
Aytən Novruz
Musavat.com