Qarət olunan NATO təmsilçimiz: "Tapança ilə başımıza vurub, çantamı və saatımı aldılar"

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə qarət edilib.

Musavat.com Sudinfo saytına istinadən xəbər verir ki, cinayətkarlar tapança ilə onların başlarına zərbələr endirib və 90 min avro dəyərində olan Rolex saatlarını qarət ediblər.

Hüseynzadə bildirib ki, avqustun 5-də Brüssel vaxtı ilə saat 15:00 radələrində iki naməlum şəxs Belçikada yaşadıqları evin qarşısında onlara hücum ediblər: "Cinayətkarlar içəri girərək məni tapança və bıçaqla hədələyib, bütün qiymətli əşyalarımı verməyimi tələb edib, çantamı və saatımı götürüblər".

Zərərçəkənlər yüngül bədən xəsarətləri alıblar. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Hüseynzadə həmçinin təhlükəsizlik baxımından onların evlərinin fotoşəkillərinin mətbuatda dərc edilməsinin məqsədəuyğun olmadığını qeyd edib və oğurlanan saatların dəyərinin vurğulanmasından təəssüflənib.

“Təəssüf edirəm ki, mətbuat oğurlanmış saatlarımızın dəyərinə həddindən artıq diqqət yetirir. Bunlar sadə metal modellər idi”, - deyə o, APA-ya bildirib.
Azərbaycan səfirliyi Belçika tərəfinə diplomatların müdafiəsi üçün tədbir görülməsi tələbi ilə müraciət edib.

Musavat.com

07.08.2024 15:41
1560