Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.
Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.
Məhkəmə Könül Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Abbasova Könül Əhəd qızının çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.
Məhkəmə K.Abbasovanın Cinayət Məcəlləsinin 147.1-ci (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma) maddəsi ilə cəzalandırılması qərarına gəlib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə edilib.
Qeyd edək ki, K.Abbasova "Qafqazinfo"ya açıqlamasında qardaşı Rauf Abbasovun intiharına görə onun həyat yoldaşı Sevinc Təhməzovanı ittiham etmişdi.