Qardaşını ürəyindən bıçaqladı: Bakıdakı dəhşətli cinayətin DETALLARI - VİDEO

2020-ci il avqustun 8-də Sabunçu 12-ci Polis Şöbəsinə Masallı sakini Səfa Eynullayevin bıçaq xəsarətlərindən ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən xəstəxanada mərhumun qardaşı 1995-ci il təvəllüdlü Elmin Eynullayev və qonşusu Tural Heydərzadə saxlanılaraq şöbəyə gətiriliblər.

Araşdırma zamanı məlum olub ki, hadisə Ramana qəsəbəsinin Atçılıq massivində baş verib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1998-ci il təvəllüdlü Səfa Eynullayevin ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Elmin Eynullayev onunla eyni ünvanda yaşayan qardaşı Səfa Eynullayevlə tez-tez mübahisə edib.

Buna sonuncunun narkotik maddələrdən istifadə etməsi və evdəki əşyaları satması səbəb olub. Avqustun 8-də mübahisə edə-edə yaşadıqları evdən təxminən 200 metr uzaqlaşaraq, Atçılıq massivindəki boş ərazidə dava ediblər.

Elmin qisas məqsədilə şalvarının cibindən çıxardığı açılıb-qatlanan bıçaqla Səfaya üç dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Elmin Eynullayev bildirib ki, qardaşı narkotik maddənin təsirindən çox vaxt özündə olmayıb və onu əsəbiləşdirən hərəkətlər edib. Avqustun 8-də səhər Səfanın evin qapısını açaraq içəri girdiyini görüb, yenə mübahisə etməyə başlayıblar. Həyətdə səs-küy eşidilməməsi üçün qardaşı ilə birlikdə yaşadıqları evdən bir az uzaqlaşaraq, boş əraziyə gəliblər.

Qonşusu Tural Heydərzadə arxalarınca gedərək, onları sakitləşdirməyə çalışıb. Səfa yerdən ağac parçasını götürüb, onu vurduqda, bıçaqla ona xəsarət yetirib. Qardaşı yerə yıxılan kimi ona daha 1-2 zərbə endirib.

Sonra Turalla yola çıxıb, taksi saxladaraq Səfanı xəstəxanaya aparıblar. Orada həkimlər müayinə edib, qardaşının öldüyünü bildiriblər.

Məhkəmə iclasında Elmin Eynullayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Rafəyə Eynullayeva bildirib ki, oğluna qarşı şikayəti yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elmin Eynullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin materialında:

07.08.2024 00:09
1332