Qardaşı qızılcadan ölən Yunusun vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Lənkəranda qızılca xəstəliyindən vəfat edən 3 yaşlı Uğurun qardaşı 4 yaşlı Yunus Abızadə də eyni virusa yoluxub.

“Qafqazinfo”ya açıqlama verən azyaşlının babası Elçin Abızadə bildirib ki, Yunus hazırda Bakıda Məhəmmədi modul tipli xəstəxanada müalicə alır:

“Bizi yanına buraxmırlar. Təkcə anası yanındadır. Elə qızılcaya da ilk anası yoluxmuşdu. Daha sonra uşaqlara da keçdi. Hazırda ananın vəziyyəti yaxşıdır, sağalıb. Uşağın yanında o qalır. Yunusu dünən gecə xəstəxanaya yerləşdirə bildik. Qızdırması var idi. Sonrakı vəziyyətindən xəbərimiz yoxdur”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

“2019-cu il təvəllüdlü azyaşlı (cinsi kişi olan) dekabrın 18-də saat 19:30 radələrində Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir”, - qurumdan müraciətimizə verilən cavabda bildirilib.

19.12.2023 14:18
479