“Qaralovla Rüstəm Usubov hər ay dövlətdən 10-15 min manat pensiya alır”

“MTN işi”ndə zərərçəkənin hüquqi varisi: “Qardaşımın qanunsuz həbsində onlar birbaşa iştirak ediblər” 

Qarabağ müharibəsinin 72 yaşlı veteranı Arif Məmmədov ölkə rəhbərliyinə məktub ünvanlayıb. O, mərhum qardaşı Cahangir Məmmədova qarşı Milli Təhlükəsizlik Nazirliyinin (MTN-2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsində baş verən cinayətlərin tam və hərtərəfli araşdırılmasını istəyir. Arif Məmmədov sabiq MTN generalı, həbsdə olan Mövlam Şıxəliyev və digərlərinin cinayət işi mərhum qardaşının hüquqi varisi olaraq tanınıb. 

Arif Məmmədov ərizəsində yazır ki, qardaşı Cahangir MTN quldurları tərəfindən qanunsuz olaraq həbs edilənə qədər beynəlxalq yük daşımaları ilə məşğul olub: “Qardaşım Cahangir ailəli idi, 2 övladı var. Cahangiri 2013-cü ildə MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstə üzvləri tərəfindən qanunsuz və əsassız olaraq tutularaq girov saxlanılıb. Qardaşım Cahangir həbsdə olduğu dövrdə Mövlam Şıxəliyev öz imzası ilə Gömrük Komitəsinə sorğu yazmışdı. Qardaşımın daşıdığı malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdilər”. Şikayətçi yazır ki, Gömrük Komitəsi bu qanunsuzluğa qol qoymayıb: “Buna baxmayaraq, Cahangir tutulduqdan təxminən 1 ay sonra Yasin Məmmədov digər qardaşım Məzahirə zəng edib öz xidməti otağına çağırmışdı. Orada Cahangiri həbsdən azad etməsi üçün Məzahirdən 100 min manat tələb etmişdi. Son nəticədə Yasin Məmmədov 50 min manatı alsa da, Cahangiri azad etmədilər. Məzahirdən əlavə 30 min manat tələb edirdi. Tələb etdikləri 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından saxta rəy alıb həbsdən azad etdilər. Qardaşım Cahangir qanunsuz  həbsdən, faktiki isə girovluqdan çıxandan sonra çox ağır psixoloji sıxıntı içində idi, özünə gələ bilmirdi”. 

Arif Məmmədov yazır ki, qardaşı Cahangir Məmmədov MTN girovluğundan azad olunandan sonra özünə gələ bilməyib: “Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Bu tərəfdən də borclara görə evi girovluqda batırdı. MTN-də çıxılmaz duruma salındığı üçün əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsindən özünü atdı, həyatına son qoydu. Bu cinayətlərə görə qardaşımın ailəsi də dağıldı. Evi də əldən getdi. Bu gün də ailəsi çöllərdə qalıb.  Möhtərəm cənab Prezidentin göstərişi ilə 2015-ci ildə MTN-dəki cinayət yuvası dağıdıldı, Eldar Mahmudov və başının dəstəsi qovuldu, bir çox quldurlar həbs olundular. Lakin 7 il ötməsinə baxmayaraq bu gün də qardaşım Cahangir Məmmədovun ölüm işi araşdırılmayıb, ona ölümündən sonra olsa belə, qanunsuz həbsinə görə bəraət verilməyib. Cinayət işinə düzgün hüquqi qiymət vermədən qanunsuz olaraq xitam ediblər. Qardaşıma qarşı cinayətlərin baş tutmasında keçmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovun böyük mənada "payları" var. Onlar qardaşım Cahangir Məmmədova qarşı cinayət törədilməsində birbaşa himayəçilik etməklə yanaşı, cinayətin baş tutmasında vəzifələrindən sui-istifadə etməklə iştirak ediblər.  Bu adamlar da tamahları üzündən qardaşım Cahangirə qarşı cinayət törədiblər, cinayəti törədən mütəşəkkil cinayətkar quldur dəstənin əsas fəal üzvlərindən olublar. Eldar Mahmudov başda olmaqla, Mövlam Şıxəliyev MTN-i cinayət, alver yuvasına çevirmişdi. Zakir Qaralovla Rüstəm Usubovun da onların bizlərdən aldıqları pullarda xüsusi payları vardı. Onların da iştirakı ilə qardaşımı girov saxladılar. Beləcə qondarma, saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri, hakim Kəramət Əliyev qardaşıma qarşı saxta ittihamı hökmə çevirib onu qanunsuz məhkum etmişdi. 

 Hazırda Zakir Qaralov və Rüstəm Üsubov cinayət məsuliyyətindən kənarda qalmaqla rahat evlərində oturub dövlətdən hər ay 10-15 min manat pensiya da alırlar.  Xahiş edirəm ki, qardaşıma qarşı cinayətlərin törədilməsində iştirak edən Zakir Qaralovla Rüstəm Usubovun da barəsində cinayət məsuliyyətinə cəlbinə, həbsinə, cinayətlərinin araşdırılmasına göstəriş verəsiniz". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






22.12.2023 10:58
7261