Xüsusi əməliyyat ilk növbədə nədən ibarət olmalıdır? - polkovnik açıqladı
Sentyabrın 9-da Qarabağda uydurma rejimin oyuncaq parlamentində Samvel Şahramanyan 22 “səs”lə saxta qurumun yeni “prezidenti seçildi”. Bir gün sonra isə həyasızcasına “andiçmə” də keçirdilər.
Gözlənildiyi kimi, “seçki” şousunu heç bir dövlət və beynəlxalq təşkilat tanımadı. Türkiyə, Ukrayna, Moldova, Avropa İttifaqı, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı, Böyük Britaniya qanunsuz “seçkiləri” pislədi (Rusiyadan, ABŞ-dan hələ ki xəbər yoxdur, böyük bacı Fransanın mövqeyi də ki, çoxdan məlum).
Hələlik Ermənistanın rəhbər şəxslərindən də kimsə üzdəniraq təzə “prezident”i təbrik etməyib. Yalnız Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan.
Bu isə öz suveren ərazisində sərt şəkildə qayda-qanun yaratmaq üçün rəsmi Bakıya əlavə fürsət yaradır. Artıq Azərbaycan olaya kəskin reaksiyasını bildirib. XİN-in bəyanatında deyilir ki, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız ölkəmizin konstitusiyası və qanunları təşkil edir: “Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur... Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır".
44 günlük müharibədən sonra ilk olan belə bir “seçki” tamaşasının arxasında, şübhəsiz, ən əvvəl ərazi bütövlüyümüzü və suverenliyimizi hələ də saya salmayan Ermənistan və onun Fransa başda olmaqla, havadarları dayanıb. Əlbəttə, Rusiyanın da qəbuledilməz susqunluğu və laqeydliyi qeyd olunmaldır.
Azərbaycan rəhbərliyi isə son vaxtlar dönə-dönə vurğulayıb ki, ərazimizdə “boz zona”nın mövcudluğuna imkan verməyəcək. Bəs Bakının kontr-tədbirləri konkret nədən ibarət olacaq? Separatizmə qarşı taktikaya dəyişiklik ediləcəkmi? Bəlkə “Şeytan yuvası”nda bizə meydan oxuyanları nöqtəvi şəkildə, bir-bir dənləmək və ya qandallayıb Bakıya gətirmək zamanı çatıb?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Qarabağda və Ermənistanla sərhədlərimizdə gərginlik artmaqda davam edir: "Ermənilər hər gün təxribatlara əl atırlar. Xüsusilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərimizdəki separatçı ermənilər tərəfindən ən müxtəlif təxribatlar həyata keçirilir. 9 sentybarda qondarma seçki keçirmələri isə artıq bütün hədləri aşmaq oldu. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi artıq bitib, Qarabağdakı qondarma separatçı qurum özünü buraxmalı və tərksilah olmalıdır. Qarabağdakı qondarma seçkini dünyada kimsə tanımır. Lakin quldur rejimin 9 sentyabrda “seçki” keçirməsi Azərbaycana müharibə elan eləmək kimi məsələdir. Qarabağ iqtisadi rayonu Azərbaycanın inzibati ərazi bölgələrindən biridir. Azərbaycan imkan verməyəcək ki, ərazisində separatçılar, qeyri-qanuni silahlı birləşmələr fəaliyyət göstərsin. Azərbaycan hələ ki, bu problemi diplomatik-siyasi yolla həll eləməyə çalışır. Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə anlatmaq istəyir ki, siz də bizim vətəndaşlarımızsınız, gəlin pasportunuzu alın və normal yaşayın. Amma erməni əhaliyə Azərbaycan pasportunu qəbul etməyə həm separatçı rejim, həm də kənar qüvvələr imkan vermir. Separatçı rejimin başında dayanan cinayətkarlar Fransadan, Ermənistandan və digər kənar güclərdən verilən dəstəyə arxayın olaraq öz cinayətlərini davam etdirirlər. Ancaq Bakı buna uzun müddət dözməyəcək, çox ciddi kontrtədbirlər həyata keçirəcək. Əgər problem siyasi yolla həllini tapmayacaqsa Azərbaycan separatçı rejimin cinayətkar rəhbərlərinə, üzvlərinə, silahlı dəstələrinin komandirlərinə qarşı həbs etmə, zərərsizləşdirmə əməliyyatları həyata keçirəcək. Separatçı rejim artıq o qədər azğınlaşıb ki, erməni əhaliyə göndərilən humanitar yardımı buraxmırlar. Bu həm də o deməkdir ki, "aclıq" “humanitar böhran” hay-həşiri, sadəcə, Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq üçün həyata keçirilən şoudur, əslində heç bir aclıq və humanitar böhran yoxdur. Azərbaycanın müvafiq güc strukrurları xüsusi əməliyyat keçirməlidir və Xankəndidəki şeytan yuvasını zərərsizləşdirməlidir. Xüsusi əməliyyat ilk növbədə nədən ibarət olmalıdır? Qarabağdakı qeyir-qanuni erməni silahlı birləşmələrə ərazimizi tərk etmələri üçün qısa vaxt qoymaq. Həmin vaxt ərzində ərazimizi tərk etməzlərsə onları tərk-silah etmək, müqavimət göstərəcəkləri halda zərərsizləşdirmək. Tədbirin ikinci fazası isə Xankəndidə suveren hakimiyyətimizi qurmaq. Kimlər ki, Azərbaycan vətəndaşı olublar onlar və onların övladları Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq istədiyini bəyan edəcəksə, müraciət edəcəklərsə, onlara qalıb yaşamaq hüquqi verilməlidir. Müqavimət göstərən separatçılar isə qanuni şəkildə bir-bir dənlənərək tərk-silah edilməli və həbs edilməlidir və məhkəmə qarşısına çıxarılmalıdırlar. Bu da mümkün olmadığı halda zərərsizləşdirilməlidirlər. Laçındakı qanuni mövqeyimizdən zərrə qədər geri çəkilməməliyik. Xalq bu məsələdə dövlətin, İlham Əliyevin yanındadır. Odur ki, Bakı qətiyyətində davam etməli lazımi qəti addımlarını da atmalıdır. Mən hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan qəti addımları atacaq".
Nazim Cəfərsoy
Siyasi ekspert Nazim Cəfərsoy bildirib ki, Azərbaycan dövləti Qarabağdakı terörist qruplara qarşı anti-terror əməliyyatı etmədikcə və başda Ruben Vardanyan olmaq üzrə oradakı separatçı xainlərə qarşı xüsusi həbs tədbirləri həyata keçirmədikcə Qarabağda suverenliyimiz təmin olunmayacaq. Bir an öncə əməliyyatları etmək şərtdir: “Üç günlük bir əməliyyat üç illik müzakirədən daha yaxşı effekt verəcək. O terroristlər və separatçılar təəssüf ki, başqa dildən anlamırlar. Əksi özümüzü aldatmaqdır”.
Artıq hətta bəzi ermənilər də separatçı rejimin cinayətkar ünsürlərinin Ermənistan üçün belə təhlükə olduğunu yazmağa və onlarla bağlı ölçü götürməyə çağırışlar edirlər. Məsələn, ermənistanlı bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək, Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danışıb. O, bu barədə Facebook səhifəsində yazıb. “Müharibədən 3 il keçir. Qarabağdakı xainlər - Araikin "məmurları", “generalları” həbsxanadan Ermənistana qaçır və burada cəzasız olaraq dolaşır. Niyə biz hər kəsə Qarabağdan Ermənistana gəlməyə icazə veririk? Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Xankəndi merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir? Onlar iş yerində deyil, Ermənistanda kef edirlər. Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər? İnsanlar cinayət məsuliyyətinə cəlb olunurlar, qətllərdə ittiham olunurlar, amma yenə də sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilərlər?" - bloger bildirib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”